ABŞ Prezidenti Donald Tramp İranın “təslim olduğunu göstərən ağ bayrağı qaldırmalı” olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Tramp həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sülh danışıqları aparmaq üçün gizli kanalın mövcudluğunu təsdiqləyib.
“Onlar təslim olduğunu göstərən ağ bayrağı qaldırmalıdırlar”, – deyə Tramp SEPAH-la kulisdə danışıqlar aparılması barədə xəbərləri təsdiqləyərək bildirib. Onun sözlərinə görə, bu təmaslar vasitəçilər və İranın siyasi rəsmiləri kənarda saxlanılmaqla həyata keçirilir.
60 günlük atəşkəs müddətinin bazar ertəsi başa çatmasına baxmayaraq, Tramp sülhə nail olmaq və İranın ABŞ-ın əsas tələbinə əməl etməsi üçün hələ vaxtın olduğunu deyib.
“Bir nömrəli məqsəd var və həmişə də olacaq: İran heç bir halda nüvə silahına sahib ola bilməz”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Reuters”in məlumatına görə, Tramp “Fox News” müxbiri Trey İnqstlə telefon danışığında da məsələyə toxunub. O, danışıqlar üçün konkret vaxt çərçivəsi müəyyən etmədiyini vurğulayıb: “Mənim heç bir vaxt cədvəlim yoxdur. Heç yerə tələsmirəm”.
ABŞ rəsmilərinin SEPAH nümayəndələri ilə qapalı kanallar vasitəsilə birbaşa əlaqə saxladığını təsdiqləyən Tramp onları “yaxşı poker oyunçuları” adlandırıb, lakin əlavə edib ki, “ölürlər”.
İranın Tramp administrasiyasına qarşı vaxt qazanmaq strategiyasını davam etdirdiyi və bunun aralıq seçkilərə, hətta 2028-ci il seçkilərinə qədər uzana biləcəyi ilə bağlı ehtimallara münasibət bildirən Tramp hərbi strategiyasının siyasi məqsədlərlə müəyyənləşdirildiyini təkzib edib.
“Aralıq seçkilərin bununla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.
Tramp İranla bağlı danışıqlarda Omanının roluna dair suala cavab verərkən bu ölkəni də təhdid edib. “Əgər Oman bizim yolumuzda dayanarsa, biz onları bombalayacağıq və cəhənnəmə göndərəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Daha sonra Tramp diqqəti İsrailə yönəldib. O, İsraildə keçiriləcək seçkilərə müdaxilə etməməsinin doğru olacağını, lakin namizədlərdən birini dəstəkləyə biləcəyini söyləyib.
Tramp həmçinin bildirib ki, Qəzza zolağında növbəti mərhələyə keçidlə bağlı səylər davam etdiyi üçün İsrail bölgəyə zərbələr endirməməlidir. Bu mərhələ HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur. Onun sözlərinə görə, HƏMAS silahlarını təhvil verir.
İsrailin HƏMAS-a etibar etməkdən imtina etməsinə baxmayaraq, Tramp həm HƏMAS, həm də İsraillə sülh sazişinə nail ola biləcəyinə işarə edib.
ABŞ-ın hərbi arsenalının münaqişə səbəbindən ciddi şəkildə yüklənə biləcəyi ilə bağlı narahatlıqları da rədd edən Tramp istifadə edilən Amerika silahlarının miqdarını əhəmiyyətsiz adlandırıb. “İstifadə etdiyimiz şey sadəcə cüzi bir hissədir. Bizim çoxlu sayda orta mənzilli silahımız var”, – deyə o bildirib.