Kanadada 60 mindən çox insan ABŞ-nin bu ölkədəki səfiri Pit Hekstranın ölkədən çıxarılmasını tələb edən petisiyaya imza atıb. Səfir Kanada siyasətinə müdaxilə etməkdə və iki ölkə arasındakı münasibətlərə zərər vurmaqda ittiham olunur.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Kalgari sakininin təşəbbüsü ilə hazırlanan petisiyada Hekstranın Kanada daxilində siyasi müzakirələrə dəfələrlə müdaxilə etdiyi bildirilir. Sənəddə onun ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək barədə hədələrini faktiki olaraq adi hala gətirdiyi vurğulanır.
Petisiyanın müəllifləri həmçinin Vaşinqtonda ABŞ Dövlət Departamentinin nümayəndələrinin Kanadanın tərkibindən ayrılmağı dəstəkləyən bəzi Alberta sakinləri ilə keçirdiyi görüşlərdən narahatlıqlarını ifadə ediblər.
Sənəddə Hekstranın vəzifədən rəsmi şəkildə geri çağırılması və ABŞ-ın Kanadanın daxili işlərinə mümkün müdaxiləsi ilə bağlı parlament araşdırmasının aparılması tələb olunur.
ABŞ-ın Kanadadakı səfirliyindən BBC-yə petisiyadan xəbərdar olduqları bildirilib, lakin məsələ ilə bağlı əlavə şərh verilməyib.
Respublikaçı və Donald Trampın tərəfdarı olan Pit Hekstra ABŞ prezidentinin ticarət siyasətini dəfələrlə müdafiə edib. Bununla yanaşı, onun Kanadadakı fəaliyyəti artıq tənqidlərə səbəb olub. Səfir xüsusilə Trampın Kanadanı 51-ci ştata çevirmək barədə açıqlamalarını yaydığına və bunun iki ölkə lideri arasında “müzakirə üçün əla mövzu” ola biləcəyini söylədiyinə görə tənqid olunub.
Hekstra yaxın vaxtlarda da ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Freedom Convoy etiraz hərəkatının liderlərindən birini dəvət etdiyinə görə tənqidlərə məruz qalıb.
Petisiya tələb olunan 500 imzadan dəfələrlə çox imza toplayıb. Bu isə onun Kanada İcmalar Palatasına təqdim edilməsinə imkan verir. Yaşıllar Partiyasının lideri Elizabet Mey petisiyanı bu ilin sonunda parlamentə təqdim etmək niyyətindədir.
Hadisələr Ottava ilə Vaşinqton arasında gərgin ticarət danışıqlarının fonunda baş verir. Kanada hökuməti ABŞ-ın Kanadadan idxal olunan təxminən 20–28 milyard dollar dəyərində məhsula 50 faizlik gömrük rüsumu tətbiq etməsinin qarşısını almağa çalışır.
Kanada mediasının məlumatına görə, iki ölkə arasında müvəqqəti ticarət razılaşması yaxın günlərdə əldə oluna bilər.