6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Macarıstan parlamenti Andraş Bakayı ölkə prezidenti seçib

11-avqust-2026, 22:54
Macarıstan parlamenti Andraş Bakayı ölkə prezidenti seçib
Yazı Ölçüsü:

Macarıstan parlamenti çərşənbə axşamı keçirilən növbədənkənar iclasda Ali Məhkəmənin keçmiş sədri Andraş Bakayı ölkə prezidenti seçib.

"PostMedia" xarici xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.

73 yaşlı hüquqşünas alimə gizli səsvermə zamanı 140 deputat səs verib, 6 deputat əleyhinə çıxıb, bitərəf qalan olmayıb. Baka prezident səlahiyyətlərinin icrasına rəsmi olaraq avqustun 19-da başlayacaq.

Hakim “Fides” və Xristian-Demokrat Xalq Partiyası daha əvvəl dövlət başçısının seçilməsində iştirak etməyəcəklərini açıqlamışdı. Bunun əvəzinə həmin partiyaların deputatları Tatada 1956-cı il inqilabının qurbanlarının xatirəsinə ucaldılmış abidəyə əklil qoyulması mərasimində iştirak ediblər.

Bakayı prezidentliyə “Tisza” partiyası namizəd göstərib. Partiyanın lideri Peter Macyar namizədliyin irəli sürüldüyünü şənbə günü açıqlayıb. Qərar bir neçə həftə davam edən müzakirə və məsləhətləşmələrdən sonra qəbul edilib. “Tisza” rəhbərliyi əvvəlcə 10 namizədliyi nəzərdən keçirib, daha sonra fraksiyaya üç namizəd təqdim edib. Nəticədə Baka gizli səsvermə ilə seçilib.

Yeni prezidentin seçilməsindən əvvəl onun sələfi Tamaş Şuyok ətrafında uzunmüddətli siyasi qarşıdurma yaşanıb. Apreldə “Tisza” hökumətinin hakimiyyətə gəlməsindən sonra partiya Şuyokun vəzifədən getməsinin zəruri olduğunu bəyan edib. Şuyok könüllü istefa verməkdən imtina edərək məsələnin konstitusion prosedurlara uyğun həll edilməli olduğunu bildirib.

İyulda “Tisza”nın çoxluğa malik olduğu parlament Əsas Qanunun 17-ci düzəlişini qəbul edib. Düzəliş fəaliyyətdə olan prezidentin səlahiyyətlərinə xitam verilməsinə imkan yaradıb. Düzəliş qüvvəyə mindikdən sonra Şuyok müvafiq sənədi imzalayıb və onun səlahiyyətlərinə xitam verilib. Prezident səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffner icra edib.

Bundan sonra dövlət başçısı vəzifəsinə yeni namizədin müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr başlayıb. Müzakirə olunan namizədlər arasında tanınmış şahmatçı Yudit Polqar da olub. Lakin o, təklifi rədd edərək bölünmüş ölkəni birləşdirmək üçün üzərinə düşəcək tarixi məsuliyyəti öz üzərinə götürməyə hazır olmadığını bildirib. Daha sonra Macyar tarixçi İqnas Romşiç, hüquqşünas Botond Fülep və Andraş Baka ilə görüşüb.

Baka insan hüquqları və azlıqların hüquqları üzrə mütəxəssis kimi tanınır. O, 2011-ci ildə Viktor Orban hökumətinin məhkəmə sistemində islahat planlarını açıq şəkildə tənqid etdikdən sonra Ali Məhkəmənin sədri vəzifəsini vaxtından əvvəl tərk edib.

Andraş Baka 1952-ci ildə Budapeştdə anadan olub. 1978-ci ildə Budapeştin Lorand Etvöş Universitetinin hüquq fakültəsini bitirib. 20 ildən artıq Macarıstan Elmlər Akademiyasının Dövlət Hüququ və Hüquqşünaslıq İnstitutunda elmi işçi kimi çalışıb, daha sonra Dövlət İdarəçilik Kollecinə rəhbərlik edib.

1991–2008-ci illərdə Baka iki müddət Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub. 2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsi onun Ali Məhkəmənin sədri vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasının Macarıstanın məhkəmə sisteminin müstəqilliyinə təsir göstərə biləcək dəyişikliklərlə bağlı açıq tənqidi ilə əlaqəli olduğuna dair qərar qəbul edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31