6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "Putin Robert Gilmanı heç bir qarşılıq tələb etmədən azad edib"

11-avqust-2026, 20:55
Tramp: "Putin Robert Gilmanı heç bir qarşılıq tələb etmədən azad edib"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Rusiyada saxlanılan keçmiş amerikalı dəniz piyadası Robert Gilmanın azad edildiyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında qeyd edib.

“Qürurla elan edirəm ki, ABŞ vətəndaşı, keçmiş ABŞ dəniz piyadası Robert Gilman evə qayıdır”.

ABŞ prezidenti bildirib ki, Gilman Rusiyada 2022-ci ildə, Co Bayden administrasiyası dövründə həbs olunub. Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Moskva amerikalını humanitar mülahizələrə əsasən azad etməyə razılaşıb.

Tramp vurğulayıb ki, Rusiya bunun müqabilində heç nə tələb etməyib və məhbus mübadiləsi də baş verməyib.

ABŞ prezidenti Gilmanın çərşənbə axşamı axşam Vaşinqtondakı Endryus hərbi hava bazasına çatacağını və burada onu ABŞ administrasiyasının nümayəndələrinin qarşılayacağını bildirib. Tramp qeyd edib ki, həmin nümayəndələrdən bəziləri Gilmanla birlikdə təyyarədədir.

“Onunla indicə danışdım və onun yalnız bir xahişi var idi: çatan kimi möhtəşəm çizburger. Bunun qayğısına qalacağam”, – Tramp yazıb.

ABŞ prezidentinin sözlərinə görə, onun administrasiyası xaricdə saxlanılan ABŞ vətəndaşlarının ölkəyə qaytarılmasına prioritet diqqət yetirir. Tramp administrasiyasının fəaliyyəti dövründə yüzlərlə amerikalının evə qaytarıldığını bildirib.

O, həmçinin Gilmanın artıq anası Nensi ilə bir araya gəldiyini, anasının da onunla birlikdə təyyarədə olduğunu və Gilmanın yaxın zamanda digər ailə üzvləri ilə də görüşə biləcəyini qeyd edib.

Tramp Gilmanın azad edilməsində iştirak edən komanda üzvlərinə, o cümlədən xüsusi nümayəndə Stiv Uitkoffa, girovların azad edilməsi üzrə xüsusi nümayəndə Adam Bölerə, terrorizmlə mübarizə üzrə baş direktor Sebastian Qorkaya, Cared Kuşnerə və administrasiyanın digər nümayəndələrinə təşəkkür edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31