ABŞ tərəfindən həyata keçirilən hərbi-dəniz blokadası davam etdiyi müddətdə Hörmüz boğazında gəmiçiliyin bərpası üçün zəruri şərait mövcud deyil.
"PostMedia" xəbər veirr ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib.
O əlavə edib ki, ABŞ öz dağıdıcı fəaliyyətlərinə son qoymalı və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır ki, bundan sonra tərəflər növbəti addımları müzakirə edə bilsinlər.
İranın Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı alıb-almayacağı ilə bağlı suala Baqayi bildirib ki, bu məsələ ilə bağlı müzakirələr hələ davam edir.
Onun sözlərinə görə, danışıqlar zamanı gəmiçiliyin təhlükəsizliyinə nəzarət mexanizmləri, ekoloji məsələlər və dəniz xidmətlərinin göstərilməsi də müzakirə olunub. Baqayi qeyd edib ki, bu cür xidmətlərin göstərilməsi təbii olaraq ödəniş nəzərdə tutur.
O bildirib ki, ABŞ-la əldə edilmiş anlaşma memorandumu Hörmüz boğazının gələcək idarə olunması, o cümlədən təhlükəsizliyinin təmin edilməsi məsuliyyətini İranın üzərinə qoyur. Bu isə su yolunun mühafizəsini və minalardan təmizlənməsini nəzərdə tutur. Baqayi əlavə edib ki, bu məsələ iki sahilyanı dövlət — İran və Oman arasında tənzimlənməlidir.
İran XİN-in sözçüsü həmçinin bildirib ki, razılaşma əldə edildikdən sonra şimal və cənub marşrutları vahid mərkəzi marşrutda birləşdiriləcək. O əlavə edib ki, hazırkı vəziyyəti ABŞ yaradıb və Vaşinqton İslamabadla əldə olunmuş anlaşma memorandumuna zidd olan marşrut müəyyənləşdirib.