ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasına qarşı yeni gömrük rüsumları ilə bağlı məhkəmə iddiası qaldırıb. Ştatlar bunu daha əvvəl ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilmiş idxal vergilərini başqa ad altında tətbiq etmək cəhdi kimi qiymətləndirirlər.
"PostMedia" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ötən ay ABŞ 59 ölkəyə və Avropa İttifaqına qarşı iki rəqəmli gömrük rüsumları tətbiq edib. Vaşinqton bu qərarı həmin ölkələrin məcburi əməklə istehsal olunan məhsulların idxalına qarşı kifayət qədər mübarizə aparmaması ilə əsaslandırıb. Yeni rüsumlar Trampın Ali Məhkəmədə məğlub olmasından sonra tətbiq etdiyi müvəqqəti gömrük rüsumlarının müddəti başa çatan kimi qüvvəyə minib.
"Nyu-York ştatının baş prokuroru Letişiya Ceyms bildirib ki, Ali Məhkəmədə məğlub olduqdan sonra administrasiya yenidən amerikalı ailələr və biznes üçün vergiləri qanunsuz şəkildə artırmağa çalışır".
İddiaya Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Kentukki, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları da qoşulub.
Tramp yüksək gömrük rüsumlarının ABŞ sənayesinin bərpasına kömək edəcəyini iddia edir. O, ötən il gömrük rüsumlarının azaldılması və azad ticarətin genişləndirilməsinə əsaslanan uzunmüddətli ticarət siyasətini dəyişərək, demək olar ki, bütün idxala rüsum tətbiq edib. Prezident bunu 1977-ci il tarixli "Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Haqqında" (IEEPA) qanuna əsaslandıraraq, ABŞ-nin ticarət kəsirinin milli təhlükəsizlik üçün təhdid yaratdığını bildirib.
Lakin fevral ayında ABŞ Ali Məhkəməsi qərara alıb ki, həmin qanun prezidentə gömrük rüsumları tətbiq etmək səlahiyyəti vermir. Qərardan sonra administrasiya idxalçılara gömrük rüsumu kimi ödənilmiş vəsaitləri geri qaytarmalı olub.
Bundan sonra Tramp qlobal miqyasda müvəqqəti 10% gömrük rüsumu tətbiq edib. Bu rüsumların qüvvədə olma müddəti iyulun 24-də başa çatıb. Hazırda administrasiya 1974-cü il Ticarət Qanununun 301-ci bölməsindən istifadə edir. Həmin bölmə prezidentə ədalətli ticarət qaydalarını pozan ölkələrə qarşı gömrük rüsumları və digər sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
Məcburi əməklə istehsal olunan məhsullara tətbiq edilən yeni gömrük rüsumları 10%-dən 12,5%-dək dəyişir və ABŞ idxalının 99%-ni təmin edən ölkələrə şamil olunur.
Ağ Ev bəyan edib ki, ABŞ Amerika ticarətinə və işçilərinə zərər vuran "əsassız hərəkətləri, siyasəti və təcrübələri" aradan qaldırmaq üçün qanun çərçivəsində fəaliyyət göstərir.
Bu iddia Tramp administrasiyasının gömrük siyasətinə qarşı qaldırılan üçüncü məhkəmə şikayəti olub. Bundan əvvəl iyul ayında kiçik biznes nümayəndələri də ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə analoji iddialar təqdim etmişdilər.
Ekspertlər bildirirlər ki, hazırkı hüquqi mübahisələr administrasiyanın artıq üçüncü dəfə müxtəlif qanunvericilik mexanizmlərindən istifadə edərək qlobal miqyasda geniş gömrük rüsumları tətbiq etməyə çalışması ilə bağlıdır. Bununla yanaşı, 301-ci bölmənin tətbiq tarixi daha uzundur və Tramp ondan daha əvvəl Çin idxalına qarşı tətbiq edilən, məhkəmə yoxlamalarından keçmiş gömrük rüsumları üçün istifadə edib.