Tehran və Vaşinqton arasında əlaqələrin həyata keçirilməsində əsas vasitəçi hələ də Pakistandır və bu prosesə yeni vasitəçilər qoşulmayıb.
"PostMedia" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
"Pakistan İran və ABŞ ilə bağlı bütün məsləhətləşmələrdə vasitəçi rolunu oynayır. Zəruri hallarda Qətər də bu prosesə dəstək verir", – deyə Bəqayi brifinqdə bildirib.
Onun sözlərinə görə, Çin də daxil olmaqla bəzi digər ölkələr zaman-zaman dəstək göstərsələr də, prosesə yeni vasitəçilərin qoşulduğunu söyləmək doğru deyil.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran İslamabadın vasitəçiliyi ilə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İran istiqamətində genişmiqyaslı zərbələri bərpa edərək Tehranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmanın şərtlərini pozmaqda ittiham edib.
İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpurun sözlərinə görə, iyunun 27-dən etibarən baş verən hadisələr nəticəsində azı 666 nəfər yaralanıb, 59 nəfər isə həlak olub.