ABŞ Prezidenti Donald Tramp Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı məqsədilə Kiyevə istehsal lisenziyası verilməsinə razılıq verib.
"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, bu addım Ukraynanın ABŞ-nin mövcud silah ehtiyatlarından asılılığını azaltmağa imkan verəcək.
"Prezident Trampla çox məhsuldar görüş keçirdik. O, bizə lisenziyaların verilməsinə razılıq verdi", – deyə Zelenski bildirib.
"Ağ Ev" hələlik bu razılaşmanı rəsmi şəkildə təsdiqləməyib. Daha əvvəl tərəflər bu məsələni Türkiyədə keçirilən NATO sammiti çərçivəsində müzakirə etmişdilər.
"Fikrimcə, biz bu sazişi bağlayacağıq. Sizə Patriot sistemlərinin istehsalı üçün lisenziya verəcəyik", – deyə Tramp Zelenski ilə əvvəlki görüşündən sonra bildirmişdi.
"Patriot" hava hücumundan müdafiə sistemləri Rusiyanın ballistik raket hücumlarından və enerji infrastrukturuna yönəlmiş zərbələrdən müdafiə baxımından Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Zelenskinin sözlərinə görə, Ukraynanın bu raketlər üzrə ehtiyatları kritik dərəcədə azalıb.
Patriot raketlərinin istehsalı hazırda məhduddur. RTX (əvvəlki adı Raytheon) şirkəti ildə təxminən 500 ədəd "Patriot PAC-3 MSE" raketi istehsal edir. Lakin bu istehsal həcmi həm Pentaqonun, həm də ABŞ-nin müttəfiqlərinin yüksək tələbatını tam ödəməyə kifayət etmir.