Nigeriya Prezidenti Bola Tinubu dövlət büdcəsindən təxminən 950 min ABŞ dolları ayrılmış, lakin rəsmi statusu olmayan qurumun yaradılması ilə bağlı araşdırma aparılmasını tapşırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Araşdırmaya səbəb Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərdiyi iddia olunan Xarici İnvestisiyaların Təşviqi Şurası (PFIPC) ilə bağlı səslənən ittihamlar olub. Prezident Administrasiyasının açıqlamasına görə, qurumun yaradılması barədə sənəd saxtadır və guya Prezident Administrasiyasının rəhbəri Femi Qbajabiamila tərəfindən imzalanmış məktubun saxtalaşdırıldığı müəyyən edilib.
Korrupsiya və əlaqəli cinayətlərlə mübarizə üzrə Komissiyaya (ICPC) 30 gün ərzində məsələ ilə bağlı tam hesabat təqdim etmək tapşırılıb. Araşdırma rəsmi statusu olmayan qurumun necə dövlət təşkilatı görüntüsü qazandığını müəyyən etməlidir.
İstintaq çərçivəsində rəsmi sənədlərin saxtalaşdırılması, qurumun adına bank hesablarının açılması, diplomatik dəstək və viza prosedurlarında üstünlüklər əldə etmək cəhdləri, həmçinin bu sxemdə dövlət və özəl şəxslərin mümkün iştirakı araşdırılır.
Polis özünü PFIPC-nin baş direktoru kimi təqdim edən Adeniyi Adeemi Metyu barəsində axtarış elan edib. O, sənəd saxtakarlığı, vəzifə səlahiyyətlərini qanunsuz mənimsəmə və digər hüquqpozmalarda şübhəli bilinir. Metyu isə yerli mediaya açıqlamasında günahsız olduğunu, həyatı üçün təhlükə hiss etdiyini və mövqeyini müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Onun sözlərinə görə, şura 2024-cü ildə Nigeriyaya xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılıb və qanuni fəaliyyət göstərib. Metyu bəzi məmurları rüşvət tələb etməkdə və qurumun maliyyə vəsaitlərinə nəzarəti ələ keçirməyə çalışmaqda ittiham etsə də, Prezident Administrasiyası bu iddiaları təkzib edib.
Yoxlamalar zamanı məlum olub ki, PFIPC paytaxt Abucadakı hökumət kompleksində ofisə, Nigeriya Mərkəzi Bankında bank hesablarına malik olub və 2026-cı il dövlət büdcəsində onun fəaliyyəti üçün 1,3 milyard nayra (təxminən 950 min ABŞ dolları) vəsait nəzərdə tutulub. Qurumun ştat cədvəlində üç əməkdaşın adı yer alıb və onlar artıq polis tərəfindən dindirilib.
Prezident Bola Tinubu dövlət institutlarının nüfuzunun saxtakarlıq, sənəd saxtalaşdırılması və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə hallarından qorunmasının vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının bəyanatında bildirilib ki, təqsiri sübuta yetirilən bütün şəxslər qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar.