Fransanın sağçı "Milli Birlik" Partiyasının lideri Marin Le Pen apellyasiya məhkəməsinin qərarından sonra 2027-ci il prezident seçkiləri üçün kampaniyasına start verib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Apellyasiya məhkəməsi Avropa Parlamentində saxta iş yerləri sxemi ilə bağlı iş üzrə Le Pen barəsində çıxarılmış ittiham hökmünü qüvvədə saxlasa da, onun seçkili vəzifələr tutmasına qoyulan qadağanın müddətini azaldıb. Bu qərar siyasətçiyə 2027-ci il prezident seçkilərində iştirak etmək imkanı yaradıb.
"Digər vətəndaşlar kimi mən də öz hüquqlarımdan istifadə edirəm. Taleyimi seçicilər müəyyən etməlidirlər", – deyə Le Pen bildirib.
Məhkəmə onu 2004–2016-cı illərdə Avropa Parlamentinin 2,8 milyon avrodan çox vəsaitinin qanunsuz şəkildə partiyanın maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı sxemdə iştirakda təqsirli bilib.
Bununla yanaşı, Le Penə elektron nəzarət qolbağı ilə azadlığın məhdudlaşdırılması cəzası da verilib. Siyasətçi əvvəllər belə şərtlərlə seçkilərdə iştirak etməyəcəyini bildirsə də, qərardan Fransanın Kassasiya Məhkəməsinə şikayət verəcəyini açıqlayıb.
Onun sözlərinə görə, kassasiya şikayətinə baxılan müddətdə cəzanın icrası dayandırılacaq və bu da ona elektron qolbaq olmadan seçki kampaniyası aparmağa imkan verəcək.
Le Pen seçicilərlə görüşündə özünü günahsız hesab etdiyini bildirib və kampaniyasını yaşayış xərclərinin artması, təhlükəsizlik, deindustrializasiya və əhalinin gəlirlərinin yüksəldilməsi kimi mövzular üzərində quracağını deyib.
Onun seçkilərdə mümkün iştirakı artıq siyasi rəqiblərinin tənqidinə səbəb olub. Sol və mərkəzçi siyasi qüvvələr Le Penin namizədliyinin məhkəmə prosesinin yekun nəticəsindən asılı olduğunu və kampaniyasının hüquqi qeyri-müəyyənlik şəraitində aparıldığını bildiriblər.
İş üzrə yekun qərarı Fransanın Kassasiya Məhkəməsi verəcək. Məhkəmə Le Penin xeyrinə qərar çıxarsa, iş yenidən baxılması üçün geri qaytarıla bilər. Əks halda, ittiham hökmü qüvvədə qalacağı təqdirdə, o, prezident seçkilərinə az müddət qalmış cəzasını çəkməyə başlaya bilər.
Bununla yanaşı, Le Pen yekun məhkəmə qərarı qüvvəyə minməzdən əvvəl prezident seçilərsə, səlahiyyət müddəti ərzində prezident toxunulmazlığından yararlana biləcək.