ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ali dini lideri Əli Xameneinin bir həftə davam edən dəfn mərasimləri zamanı Vaşinqton, Tehranın xahişi ilə, İran rəhbərliyinə zərbələr endirməməyə razılaşıb. Lakin onun sözlərinə görə, daha sonra İran yenidən raket hücumlarına başlayıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Tramp Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Onlar fasilə istədilər, Xameneinin dəfn mərasimini keçirmək istəyirdilər. Mən də dedim ki, qoy bunu etsinlər. Amma sonra onlar yenidən raketlər atmağa başladılar”.
Eyni zamanda Tramp iddia edib ki, Xamenei müharibənin ilk günündə ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub. “Biz həqiqətən onu öldürdük. Buna görə də hesab edirəm ki, məsələyə məhz bu prizmadan baxmaq lazımdır”, – deyə o əlavə edib.
Trampın sözlərinə görə, İran ABŞ-dən dəfn mərasimləri zamanı ölkə rəhbərliyinin nümayəndələrinin hədəfə alınmamasını xahiş edib və Vaşinqton bu istəyi qəbul edib.
ABŞ prezidenti İranın hərəkətlərindən narazı olduğunu bildirərək, Tehranı münaqişənin gərginləşməsində günahlandırıb. Bununla yanaşı, o vurğulayıb ki, İranda hakimiyyət dəyişikliyinə can atmır, lakin ölkənin nüvə silahı əldə etməsini də istəmir.
Tramp həmçinin İranla gələcəkdə mümkün sazişin uzunömürlü olacağına şübhə etdiyini bildirib. “Onun işləyəcəyinə əmin deyiləm, çünki onları çox qeyri-səmimi insanlar hesab edirəm”, – deyə o bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi “İranın nüvəsizləşdirilməsidir”. O, İranın danışıqlar qrupunun qapalı müzakirələrin məzmunu barədə yalan danışdığını iddia edərək onların fəaliyyətindən narazı olduğunu da söyləyib.
Tramp əlavə edib ki, ABŞ bu məqsədə yeni saziş imzalamadan da nail ola bilər və onun fikrincə, bu yol daha asan ola bilər.