Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə danışıqlar aparıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Danışıqlar zamanı tərəflər Ukraynanın Avropaya inteqrasiyası üzrə növbəti addımları və Avropa Şurasının iclasından əvvəl mövqelərin koordinasiyasını razılaşdırıblar.
O bildirib ki, əsas məsələlərdən biri Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlar prosesinin irəlilədilməsi və qalan beş danışıqlar klasterinin açılmasıdır. Kiyev prosesin mümkün qədər tez inkişafını, eləcə də Aİ-nin maliyyə dəstək paketindən ilk tranşın alınmasını gözləyir.
“Vacibdir ki, yaxın zamanda qalan beş danışıqlar klasteri açılsın. Biz həmçinin müdafiəmizi gücləndirmək üçün Aİ maliyyə dəstək paketindən ilk tranşı tezliklə almağı gözləyirik”, – deyə Ukrayna prezidenti bildirib.
Ayrıca olaraq, Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən pilotsuz texnologiyalar sahəsində birgə təşəbbüslərin Drone Deal formatında inkişafı müzakirə olunub.
Tərəflər həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə və Rusiya ballistik raketlərindən müdafiəyə diqqət yetiriblər.
“Xüsusi diqqət təhlükəsizlik sahəsində əməkdaşlığa və Avropa İttifaqı ilə Drone Deal formatında razılaşmanın hazırlanmasına yönəldilib. Həmçinin Ukraynaya göstərilən müdafiə dəstəyi, xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Rusiya ballistik raketlərindən qorunma məsələləri müzakirə olunub”, – deyə Zelenski vurğulayıb.
Sonda o, dəstəyə görə Avropa liderlərinə təşəkkür edib və Ukrayna ilə Avropanın təhlükəsizliyinin birgə şəkildə gücləndirilməsinə hazır olduqlarını bildirib.