Baş nazir Mark Karninin hökumətinin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarına cavab olaraq 103 Kanada vətəndaşının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulub.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Mark Karni hökuməti sələfi Castin Trüdo administrasiyasının anti-Rusiya siyasətini davam etdirir, Kiyevdəki hakimiyyətə siyasi, maliyyə və hərbi-texniki dəstək verir. Moskvanın iddiasına görə, sanksiya siyahısına salınan şəxslər, xüsusilə Kanada parlamentindəki fəaliyyəti ilə Rusiyanın konstitusiya quruluşunu və xarici siyasət kursunu gözdən salmağa çalışır, həmçinin Rusiyanın suveren dövlət aktivlərinin müsadirəsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirlər.
“Qara siyahı”ya Kanada Parlamentinin Senatının 19 üzvü, Nazirlər Kabinetində təmsil olunan İcmalar Palatasının 11 deputatı daxil edilib. Bundan əlavə, 5 dövlət katibi, 5 parlament katibi və dövlət katibi, eləcə də 60 deputat da sanksiyalara məruz qalıb.
Giriş qadağası tətbiq olunan şəxslər arasında Kanadanın Milli Müdafiə Qərargahının rəisi Cennni Karinyan, Kanadanın Rusiyadakı və Ukraynadakı keçmiş səfiri Kris Uestdal, həmçinin United Nations Watch qeyri-hökumət təşkilatının rəhbəri Hillel Noyer də var.
Rusiya XİN vurğulayıb ki, Moskva ənənəvi olaraq Kanada xalqına hörmətlə yanaşır, lakin hazırkı siyasi elitanın Rusiyanın hüquq və maraqlarını inkar edən, iki ölkə arasındakı münasibətləri sistemli şəkildə dağıdan siyasətini qəbuledilməz hesab edir.
Nazirlik bəyan edib ki, Ottavanın “təxribat xarakterli addımlarına”, o cümlədən Kiyev hakimiyyətini terror aktlarına təşviq etməsinə və Rusiyanın daxili işlərinə müdaxilə cəhdlərinə bundan sonra da adekvat cavab veriləcək.
XİN-in açıqlamasında həmçinin qeyd olunub ki, Rusiyaya qarşı fəaliyyət göstərən Kanada və digər “qeyri-dost” Qərb ölkələrinin vətəndaşlarının sanksiya siyahısına əlavə olunması praktikası gələcəkdə də davam etdiriləcək.