ABŞ nümayəndələri hesab edirlər ki, bu həftə Tehranda İran və Qətər rəsmiləri arasında keçirilən danışıqlar Vaşinqton və Tehran arasında mümkün sazişə gedən yolda qalan fikir ayrılıqlarının bir hissəsinin aradan qaldırılmasına kömək edib.
"PostMedia" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Müzakirələrin gedişindən xəbərdar olan mənbənin sözlərinə görə, İranın nüvə proqramı üzrə gələcək danışıqların qaydaları, eləcə də İrana maliyyə güzəştlərinin verilməsi mexanizmi və ardıcıllığı ilə bağlı məsələlər mübahisəli olaraq qalırdı.
Məlumata görə, İran bu həftə Qətər vasitəçiləri vasitəsilə ABŞ-yə sazişin yenilənmiş layihəsini təqdim edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp təklif olunan layihəni bir sıra dəyişikliklərlə geri qaytarmış, nüvə proqramı məsələlərində daha sərt müddəalara nail olmağa çalışmışdı. Mənbələrin məlumatına görə, Amerika lideri Tehranın cavabı həddindən artıq uzun müddət hazırlamasından narazı idi.
Bununla belə, Qətərin vasitəçiliyi ilə keçirilən məsləhətləşmələr tərəflərin mövqeləri arasındakı fərqi azaltmağa imkan verib. Amerikalı rəsmilər hətta ABŞ və İranın qarşılıqlı zərbələr endirdiyi günlərdə belə vasitəçilərlə daimi əlaqə saxlayıblar.
Mənbələr qeyd edirlər ki, yekun razılaşmanın əldə olunmasından danışmaq hələ tezdir. Son həftələrdə Donald Trampın yaxın zamanda sazişin imzalana biləcəyi ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, bu günədək konkret nəticələr qeydə alınmayıb.