ABŞ Konqresinin Nümayəndələr Palatası "H.R. 7668" qanun layihəsini təsdiqləyib.
"PostMedia" xəbər verir ki, sənəd rəsmi olaraq “Qafqazda Çinin təsirinə qarşı mübarizə aktı” (Countering China's Control of the Caucasus Act) adlanır.
Sənəd “Gürcüstanda fəaliyyət göstərən Rusiya və Çin kəşfiyyat resursları və təsir şəbəkələri haqqında hesabatların hazırlanmasını, Moskva ilə Pekin arasında respublika daxilində əməkdaşlıq sahələrinin müəyyən edilməsini, həmçinin Tbilisi ilə gələcək əlaqələrə dair ABŞ-nin daha geniş strategiyasının işlənib hazırlanmasını” nəzərdə tutur.
Qanun layihəsinin əsas təşəbbüskarı və sponsoru olan Cənubi Karolina ştatından respublikaçı konqresmen Co Uilson səsvermədən sonra "Azadlıq Radiosu"na verdiyi müsahibədə vurğulayıb ki, təşəbbüs Gürcüstanın hazırkı rəhbərliyinə deyil, gürcü xalqına dəstək verməyə yönəlib.
“Anti-Amerika mövqeyi tutan ‘Gürcü Arzusu’ partiyası gürcü xalqını təmsil etmir”, – deyə Uilson bildirib. “Gürcülər ABŞ ilə möhkəm münasibətlər qurmaq istəyirlər. Buna nail olmağın yeganə yolu siyasi məhbusları azad etmək, azad və ədalətli seçkilər keçirmək, eləcə də Çin, Rusiya və İranın dağıdıcı təsirini aradan qaldırmaqdır”.
Nümayəndələr Palatasının bu addımı zaman baxımından iyunun 9-da Çin və Gürcüstanın ikitərəfli münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltmək barədə imzaladıqları rəsmi birgə bəyanatla üst-üstə düşüb.