Fars körfəzi ölkələrinin liderləri şənbə günü ABŞ Prezidenti Donald Tramp ilə keçirilən danışıqlar zamanı Vaşinqtonu İran tərəfindən öz dövlətləri üçün təhlükəsizlik zəmanətləri əldə etməyə çağırıblar.
"PostMedia" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbustanı, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrinin rəhbərləri ABŞ ilə İran arasında Tehranın raket proqramı ilə bağlı müddəaları əhatə etməyən mümkün sazişdən narahatdırlar. Qəzetin qeyd etdiyi kimi, danışıqlar zamanı raket proqramı hələlik müzakirə olunmayıb. Körfəz ölkələrinin rəhbərləri ehtiyat edirlər ki, yeni eskalasiya baş verərsə, onların ərazilərində yerləşən enerji obyektləri zərər görə bilər.
Eyni zamanda, Fars körfəzi dövlətləri Tramp ilə danışıqlar zamanı onu İranla mümkün qədər tez razılığa gəlməyə çağırıblar və münaqişənin mənfi iqtisadi nəticələrinə diqqət çəkiblər.
Fevralın 28-də ABŞ və Israel İrana qarşı hərbi əməliyyata başlayıblar. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton Islamabadda danışıqlar aparsalar da, münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Aprelin 21-də ABŞ lideri İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bəyan edib. Mayın 19-da Tramp bildirib ki, ABŞ İran ətrafındakı münaqişədə diplomatiyaya növbəti həftənin əvvəlinə qədər şans verməyə hazırdır və bu müddət ərzində hərbi əməliyyatların bərpasını təxirə salır. Mayın 23-də Amerika lideri İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını desə də, ertəsi gün tərəflərin bəzi məsələlər üzrə hələ də yekun razılığa gələ bilmədiklərini açıqlayıb.