Bir sıra Avropa ölkələri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edilməsində israr edir. Bu, fələstinpərəst “Sumud” donanmasının aktivistləri ilə bağlı insidentlə əlaqədardır.
"PostMedia" xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Bundan əvvəl Ben-Qvir "X" sosial şəbəkəsində aktivistlərin gətirilməsini əks etdirən videogörüntülər paylaşmışdı. Kadrlarda İsrail hüquq-mühafizə orqanlarının onlarla alçaldıcı rəftar etdiyi görünürdü.
Politico-nun məlumatına görə, xarici işlər naziri Mariya Malmer Stenerqard Ben-Qvirə qarşı “təcili sanksiyalar” tətbiq edilməsinin vacibliyini bildirib. Polşada isə nazirin ölkəyə girişinə qadağa qoyulacağı açıqlanıb. Məhdudiyyətlərin tətbiqini İtaliyanın xarici işlər naziri Antonio Tayani də dəstəkləyib.
Eyni zamanda, bəzi ölkələr sanksiyalara qarşı çıxıb. Onların arasında Çexiyanın xarici işlər naziri Petr Matsinka da var. Aİ-nin adı açıqlanmayan iki nümayəndəsi nəşrə bildirib ki, məhdudiyyətlər Ben-Qvir tərəfindən İsraildə oktyabrda keçiriləcək seçkilər ərəfəsində “siyasiləşdirilə bilər”. Onların sözlərinə görə, nazir məhz belə reaksiyaya nail olmağa çalışırdı və bu, “seçkiqabağı addım” idi.
Mayın 19-u axşam İsrail Xarici İşlər Nazirliyi Qəzza zolağı sahillərinə doğru hərəkət edən növbəti “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını, ümumilikdə 430 fələstinpərəst aktivistin həbs edildiyini açıqlamışdı. Nazirlikdən bildirilib ki, onların hamısı İsrail ərazisinə gətiriləcək və “öz konsulluq nümayəndələri ilə görüşəcəklər”.
“Qlobal Sumud Donanması”nın hazırkı aksiyası aprel ayında başlayıb. Aksiya iştirakçıları məqsədlərinin Qəzzanın İsrail tərəfindən tətbiq edilən dəniz blokadasını yarmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bəyan ediblər.
Mayın 18-də İsrailin Ynet portalı İsrail sahillərindən yüzlərlə kilometr uzaqda, beynəlxalq sularda İsrail Müdafiə Ordusunun donanma gəmilərini saxlamağa başladığını yazmışdı. Aktivistlərin əvvəlcə xüsusi üzən həbsxananın göyərtəsinə, daha sonra isə İsrailin Aşdod limanına aparılması planlaşdırılırdı.