İsrail ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatında iştirak üçün hazırlıqlara başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bu, ABŞ Prezidenti Donald Trampın planlaşdırılan zərbənin “müvəqqəti dayandırılması” barədə açıqlamasına baxmayaraq baş verir.
Telekanalın məlumatına görə, İsrail rəhbərliyi Trampın mayın 18-də əməliyyatla bağlı pauza barədə bəyanatının Vaşinqtonun manevr imkanlarını məhdudlaşdıra biləcəyini hesab edir. Mənbələr bildirir ki, Tehran danışıqlarda əhəmiyyətli və İsrail üçün qəbuledilən təklif irəli sürməsə (İsraildə bunun az ehtimal olduğu düşünülür), ABŞ administrasiyası hərbi variantın qaçılmaz olduğu qənaətinə gələ bilər.
"The Times of Israel" "Kanal 12"yə istinadən yazır ki, İsrail rəhbərliyinin son addımları mümkün hücuma yüksək hazırlıq vəziyyətini göstərir. Əməliyyat başladığı halda İsrail ABŞ ilə sıx koordinasiya aparacaq.
Mayın 18-də İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri üzrə təxminən 5 saat davam edən qapalı iclas keçirib. Görüşdə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri komandanı, hərbi kəşfiyyat rəhbəri və digər yüksək rütbəli rəsmilər iştirak edib.
Müzakirələrin əsas mövzusu İsrailin İrana qarşı mümkün hərbi ssenariyə hazırlığı olub.
"Kanal 12" həmçinin bildirib ki, İsrail ordusu yaxın günlərdə İrana qarşı ABŞ-nin mümkün əməliyyatı üçün maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib.