ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sülh sazişi üzrə danışıqlar çərçivəsində Tehrandan növbəti - öz sözləri ilə desək, məyusedici cavabı aldıqdan sonra İrana hər hansı güzəştə getməyə “hazır deyil”.
Bununla yanaşı, Tramp narahatedici xəbərdarlıq edərək bildirib ki, İran “tezliklə nə baş verəcəyini” bilir.
"PostMedia"nın məlumatına görə, "The Post" qəzetinə qısa telefon müsahibəsində prezident faktiki olaraq bazar günü İran tərəfindən təqdim edilmiş təkliflə bağlı diplomatik dialoq imkanını bağlayıb.
Cümə günü etdiyi və İranda uranın zənginləşdirilməsinə 20 illik moratoriumu nəzərdən keçirməyə hazır olduğunu bildirdiyi açıqlamasının qüvvədə olub-olmaması barədə suala cavab olaraq Tramp həmsöhbətinin sözünü kəsib: “Hazırda heç nəyə açıq deyiləm”.
Prezident detallara varmaqdan imtina edib.
“Bu barədə danışa bilmərəm. Həddindən artıq çox şey baş verir”, - deyə o bildirib.
Çinə səfərdən qayıtdıqdan sonra Trampın həftəsonunu Virciniyadakı qolf kompleksində keçirdiyi və burada milli təhlükəsizlik komandası ilə İranla bağlı növbəti addımları müzakirə etdiyi bildirilir. Diplomatiyanın dalana dirənməsi fonunda senator Lindsi Qrem də daxil olmaqla sərt xətt tərəfdarları İrana qarşı hərbi əməliyyatların bərpasına çağırdığı üçün çərşənbə axşamı yeni məsləhətləşmələrin keçirilməsi gözlənilir.
Tramp bildirib ki, Tehranın hərəkətlərindən “qəzəblənməyib”, lakin ABŞ-nin “daha böyük zərbə vurmağa” qadir olduğunu vurğulayıb.
“Mən deyə bilərəm ki, onlar indi hər zamankından daha çox razılaşma istəyirlər, çünki tezliklə nə baş verəcəyini bilirlər”, — deyə o qeyd edib.
Regiondakı mənbələrin İranın həm nüvə məsələsində, həm də Hörmüz boğazının açılması məsələsində Vaşinqtona qarşı “vaxt qazanmağa çalışdığı” barədə məlumatlarına münasibət bildirən Tramp deyib ki, “bunu eşitməyib”.
“Bunlar danışıqlardır. Mən axmaq vəziyyətinə düşmək istəmirəm”, — deyə Tramp əlavə edib.