6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Çin lideri 2026-cı ilin payızında ABŞ-yə dövlət səfəri edəcək

15-may-2026
Çin lideri 2026-cı ilin payızında ABŞ-yə dövlət səfəri edəcək
Yazı Ölçüsü:

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 2026-cı ilin payızında ABŞ-yə dövlət səfəri edəcək.

"PostMedia" xəbər verir ki, dəvət barədə Çin xarici işlər naziri Vanq Yi mayın 13-15-də keçirilmiş Trampın Çinə dövlət səfərinin yekunlarını açıqlayarkən məlumat verib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri şəxsi görüşlər, telefon danışıqları və mesaj mübadiləsi vasitəsilə daimi əlaqə saxlamaq barədə razılığa gəliblər.

Danışıqların əsas siyasi nəticəsi Çinlə ABŞ arasında “konstruktiv və strateji baxımdan sabit münasibətlərin” formalaşdırılması barədə razılaşma olub.

Van İnin sözlərinə görə, yeni formula qarşılıqlı fəaliyyətin əsas istiqaməti kimi əməkdaşlığı, idarəolunan rəqabəti, nəzarət altında saxlanılan fikir ayrılıqlarını və qarşıdurmadan imtinanı nəzərdə tutur.

İqtisadi sahədə tərəflər əvvəllər əldə olunmuş razılaşmaların icrasını davam etdirmək, ticarət və investisiya şuraları yaratmaq, iki ölkənin bazarlarına kənd təsərrüfatı məhsullarının çıxışı məsələlərini həll etmək və gömrük rüsumlarının qarşılıqlı azaldılması çərçivəsində ikitərəfli ticarətin genişlənməsinə kömək etmək barədə razılığa gəliblər.

Tayvana xüsusi diqqət ayrılıb. Çin tərəfi bildirib ki, Tayvan iki ölkə münasibətlərində əsas məsələ olaraq qalır və Vaşinqtonun “vahid Çin” prinsipinə sadiq qalacağına və adanın müstəqilliyini dəstəkləməyəcəyinə ümid etdiyini ifadə edib.

Liderlər beynəlxalq böhranları da müzakirə ediblər. Van İnin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətlə bağlı Pekin ABŞ ilə İran arasında danışıqların davam etdirilməsinin, atəşkəsin qorunmasının və Hörmüz boğazında gəmiçiliyin tezliklə bərpasının tərəfdarıdır. Ukrayna məsələsində isə hər iki tərəf münaqişənin siyasi həllində maraqlı olduqlarını bildirərək məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Humanitar sahədə Çin beş il ərzində 50 min amerikalı məktəbli və tələbəni qəbul etməyə hazır olduğunu təsdiqləyib. Tramp isə öz növbəsində çinli tələbələrin ABŞ-də təhsil almasını alqışladığını bildirib.

Çin tərəfinin qiymətləndirməsinə görə, Pekində keçirilmiş danışıqlar tarixi xarakter daşıyıb və qarşıdakı illər üçün dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlərin strateji istiqamətini müəyyən edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031