6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İranla danışıqlardan narazıdır və genişmiqyaslı hərbi əməliyyatları nəzərdən keçirir

12-may-2026
Tramp İranla danışıqlardan narazıdır və genişmiqyaslı hərbi əməliyyatları nəzərdən keçirir
Yazı Ölçüsü:

ABŞ prezidenti Donald Tramp İranla danışıqlardan getdikcə daha çox narazı qalır və genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması imkanını ciddi şəkildə nəzərdən keçirir.

"PostMedia" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, "Ağ Ev" rəhbərinin “səbri tükənir”. Buna səbəb kimi Hörmüz boğazının hələ də blokadada qalması və İran rəhbərliyi daxilində olduğu iddia edilən fikir ayrılıqları göstərilir. Tramp hesab edir ki, bu amillər Tehranın nüvə məsələsində güzəştə getməsinə mane olur.

CNN mənbələrinin sözlərinə görə, İranın son təklifi "Ağ Ev"də ciddi narazılıq yaradıb. Tramp həmin təklifi “tamamilə qəbuledilməz” və “mənasız” adlandırıb. Bu isə Vaşinqtonda İran tərəfinin danışıqlara nə dərəcədə ciddi yanaşdığı ilə bağlı şübhələri artırıb.

Eyni zamanda, ABŞ administrasiyası daxilində İranla bağlı yanaşmalar fərqlənir. "Pentaqon" Tehrana qarşı daha sərt addımların atılmasının tərəfdarıdır və hesab edir ki, yeni zərbələr İranın mövqelərini daha da zəiflədərək onu yenidən danışıqlar masasına qaytara bilər. Digər rəsmilər isə diplomatiyaya hələ də şans verilməsinin vacibliyini düşünürlər.

Bundan başqa, Trampın ətrafındakı bəzi şəxslər Pakistan vasitəçilərinin İranla danışıqlarda daha açıq və sərt mövqe nümayiş etdirməsini istəyirlər. ABŞ rəsmilərindən bir qismi hesab edir ki, Pakistan tərəfi İranın mövqeyini Vaşinqtona olduğundan daha optimist formada təqdim edir.

Mayın 11-də Tramp "Ağ Ev"də milli təhlükəsizlik komandası ilə növbəti toplantı keçirərək İrana qarşı növbəti addımları müzakirə edib. ABŞ prezidenti bildirib ki, aprelin 7-də elan etdiyi atəşkəs “tükdən asılı vəziyyətdədir”.

“Onların bizə göndərdiyi o cəfəngiyyatı oxuyandan sonra deyə bilərəm ki, bu, indiyə qədər gördüyüm ən zəif təklifdir. Hətta sona qədər oxumadım”, — deyə Tramp bildirib.

Bununla belə, CNN mənbələri qeyd edir ki, qarşıdurmanın növbəti mərhələsi ilə bağlı yekun qərarın Trampın mayın 13-15-də planlaşdırılan xarici səfərindən əvvəl verilməsi gözlənilmir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031