Serbiya İsrail ilə birlikdə döyüş təyinatlı pilotsuz uçuş aparatları istehsal edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə çərşənbə axşamı Serbiya prezidenti Aleksandar Vuçiç açıqlama verib. Məlumatı "Tanjug" nəşri yayıb.
Vuçiç bildirib ki, “biz dünyanın bu hissəsində ən yaxşı pilotsuz uçuş aparatlarına sahib olacağıq”. Onun sözlərinə görə, bu dronlar ucuz olmayacaq, lakin zirehli texnikanın məhv edilməsi baxımından çox effektiv olacaq.
Bununla belə, Serbiya prezidenti gələcək istehsalın detalları barədə məlumat verməyib.
“Biz pilotsuz uçuş aparatlarını İsrailin etdiyi kimi istehsal edə bilmirik. Amma bu layihə ilə fəxr edirəm, bunu birlikdə edəcəyik — 50/50 nisbətində”, – deyə Vuçiç qeyd edib.
Serbiya həmçinin bildirib ki, bu əməkdaşlıq sayəsində ölkə yeni texnologiyalar əldə edəcək və gələcəkdə bu sahədə işləyə biləcək mütəxəssislər hazırlayacaq.
Serbiyanın Balkan Investigative Reporting Network məlumatına görə, ölkənin dövlət silah istehsalçısı Yugoimport SDPR İsrailin Elbit Systems şirkəti ilə birlikdə dron istehsalı zavodu açacaq.
Media məlumatlarına görə, İsrail şirkəti gələcək zavodun səhmlərinin 51 faizinə sahib olacaq.
Vuçiç hökuməti ölkənin silahlı qüvvələrini gücləndirməyə çalışır. Serbiya 2024-cü ildə donanmasını modernləşdirmək üçün Fransada istehsal olunan 12 ədəd "Dassault Rafale" qırıcı təyyarəsi sifariş edib.
Belqrad eyni zamanda Çin və Rusiyadan da hərbi texnika alıb. Bu, ölkənin rəsmi olaraq Avropa İttifaqına üzv olmaq istəməsinə baxmayaraq, Pekin və Moskva ilə sıx əlaqələr saxlaması fonunda baş verir.
Serbiya həmçinin NATO-ya qoşulmamaq öhdəliyi götürüb. Alyans 1999-cu ildə Kosovo müharibəsini dayandırmaq məqsədilə Serbiyanı bombardman etmişdi. Bu hadisə Balkanlarda onilliklər davam edən münaqişələrdən sonra regionun tarixində mühüm dönüş nöqtələrindən biri sayılır.