Macarıstan hökuməti Rusiya ilə ikitərəfli iqtisadi, ticarət, enerji və mədəni əlaqələrin genişləndirilməsi barədə razılaşma imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" aprelin 8-də Rusiya hökumətinin sənədlərinin surətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto və Rusiyanın səhiyyə naziri Mixail Muraşko ötən ilin dekabrında Moskvada keçirilmiş danışıqlardan sonra 12 maddədən ibarət əməkdaşlıq proqramı imzalayıblar. Sazişin mətni indiyədək açıqlanmamışdı.
Sənəd nüvə yanacağı, təhsil, idman və digər sahələrdə əməkdaşlığı əhatə edir. 9 dekabr 2025-ci ildə Moskvada keçirilən görüş 2005-ci ildə yaradılmış Rusiya-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 16-cı iclası olub. Komissiya adətən ildə bir dəfə toplanır.
Sənədlərin məzmunu ilə bağlı suala cavab verən Siyarto bildirib ki, “Macarıstanın ikitərəfli əməkdaşlığı liberal mediaya görə deyil, milli maraqlara əsasən müəyyən edilir”. Rusiya tərəfi isə "Politico"nun sorğusuna cavab verməyib.
Razılaşmalardan biri də Rusiyaya qarşı tətbiq olunan Avropa ittifaqı (Aİ) sanksiyalarından sonra ikitərəfli ticarətdə yaranmış mənfi tendensiyanı dəyişmək öhdəliyini nəzərdə tutur. Saziş Rusiyanın şirkətlərinə Macarıstanda elektrik enerjisi və hidrogen layihələrində iştirak etmək, həmçinin neft, qaz və nüvə yanacağı sahələrində əməkdaşlığı genişləndirmək imkanı yaradır.
Macarıstan həmçinin Rusiyadan müəllimlərin cəlb edilməsi və akademik mübadilə proqramlarının genişləndirilməsi yolu ilə rus dilinin tədrisinin gücləndirilməsi imkanlarını araşdırmağa razılaşıb. Tərəflər idman və sirk sənəti sahələrində mübadilələri dəstəkləyib və 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı üzrə razılığa gəliblər.
Sənədlərdən birində qeyd olunur ki, Rusiya ilə yaxınlaşma Macarıstanın Avropa İttifaqına üzv dövlət kimi öhdəliklərinə zidd olmamalıdır.