İran ordusu əməliyyatın 89-cu mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn ərazisində yerləşən ABŞ obyektlərinə, həmçinin İsraildə bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb.
"PostMedia"nın məlumatına görə, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığının nümayəndəsi İbrahim Zülfaqari bildirib ki, zərbələr nəticəsində Ben Qurion hava limanında ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarələr və BƏƏ-də yerləşən Amerika radar sistemləri hədəfə alınıb.
Onun sözlərinə görə, əməliyyatın 89-cu dalğası zamanı raket və pilotsuz uçuş aparatları ilə Eylat, Təl-Əviv və Bney Brak ərazilərinə də zərbələr endirilib. Həmçinin Bəhreyndə yerləşən ABŞ hərbi bazasına hücum nəticəsində təxminən 80 nəfərin zərər çəkdiyi, onların böyük hissəsinin həlak olduğu və ya yaralandığı iddia olunub.
Zülfaqarinin sözlərinə görə, İran qüvvələri Küveytdəki Əl-Ədir aviabazasında ABŞ ordusuna məxsus helikopterlərin yerləşdiyi əraziyə də hücum edib. Nəticədə bir helikopterin məhv edildiyi, bir neçəsinin ciddi zədələndiyi bildirilib. Bundan başqa, BƏƏ-yə məxsus sularda və adalarda yerləşən ABŞ-yə aid iki erkən xəbərdarlıq radarının da məhv edildiyi qeyd olunub.
O əlavə edib ki, bu gün səhər saatlarında İran ordusu zərbə dronlarından istifadə edərək Ben Qurion hava limanında yerləşən ABŞ yanacaq dolduran təyyarələrinin toplaşdığı sahəyə, eləcə də raket və pilotsuz uçuş aparatlarını aşkar edib zərərsizləşdirməyə xidmət edən radar stansiyasına hücum edib.