ABŞ 75 ölkənin vətəndaşlarına vizaların verilməsini dayandıracaq
14-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ Dövlət Departamenti Rusiya və Gürcüstan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına vizaların verilməsinin dayandırıldığını təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, immiqrasiya vizalarının verilməsinin dayandırılması ilə bağlı qərar 21 yanvar tarixindən qüvvəyə minəcək və Dövlət Departamenti viza emalı prosedurlarını yenidən qiymətləndirənədək müddətsiz davam edəcək.
“Bu 75 ölkədən miqrasiya müvəqqəti olaraq dayandırılacaq. Məqsəd sosial yardım və dövlət güzəştlərindən istifadə edə biləcək xarici ölkə vətəndaşlarının ABŞ-yə girişinin qarşısını almaq üçün immiqrasiya prosedurlarına yenidən baxmaqdır”, — deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
Təlimata əsasən, konsulluq əməkdaşları gələcəkdə dövlət yardımlarından asılı ola biləcəyi ehtimal edilən müraciətçilərə viza verməkdən imtina etməlidirlər. Qərar qəbul edilərkən bir sıra amillər nəzərə alınacaq: sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyinin səviyyəsi, maliyyə imkanları, hətta uzunmüddətli tibbi xidmətə potensial ehtiyac da daxil olmaqla.
Qərar Rusiya, Somali, Əfqanıstan, İran, İraq, Misir, Nigeriya, Tailand və bir sıra digər ölkələrin vətəndaşlarına şamil olunacaq. Dövlət Departamenti viza verilməsinin müvəqqəti dayandırılması barədə göstərişi qurumun yoxlama və skrininq prosedurlarını qiymətləndirdiyi müddətdə qüvvədə saxlayacaq.