Fransanın Milli Məclisinin vitse-spikeri Klemans Gete ölkənin NATO-dan çıxması ilə bağlı qətnamənin səsverməyə çıxarılması niyyətini açıqlayıb. O, qərarını ABŞ-ın fəaliyyətləri ilə əsaslandırıb.
"PostMedia" xəbər verir ki, Gete bu barədə "Telegram" kanalında yazıb:
"Əvvəllər heç vaxt olmadığı qədər Fransanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO), ABŞ tərəfindən idarə olunan və onların xidmətində olan hərbi ittifaqda iştirak məsələsi gündəmə gəlir."
Vitse-spiker ABŞ-ın Grenlandiyaya iddiaları, Venesuela prezidenti Nikolas Maduronun hərbi əməliyyat nəticəsində oğurlanması və beynəlxalq hüququ pozaraq insanların bombardmanı kimi addımlarını tənqid edib.
Qeyd edək ki, Fransa NATO-nun üzvüdür və ittifaq 1949-cu ildə yaradıldıqdan bəri bu üzvlük davam edir. 1966-cı ildə prezident Şarl de Qollun təşəbbüsü ilə Fransa NATO-nun hərbi strukturundan çıxmış, yalnız siyasi iştirakını saxlamışdı. 2009-cu ildə isə prezident Nikola Sarkozi dövründə ölkə tam şəkildə komandir strukturlarına qayıtmışdı.