Ukrayna Trampın dəstəklədiyi investorlara iri litium yatağının işlənməsi hüququ verib
09-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Ukrayna Trampın dəstəyini alan investorlar qrupuna iri litium yatağının işlənməsi hüququ verib.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb։
DW-nin xəbərinə görə, Kirovoqrad vilayətində yerləşən Dobra yatağının işlənməsi üzrə müsabiqədə qalib ABŞ-ın hazırkı prezidenti Donald Trampı hələ tələbəlik illərindən tanıyan, kosmetika imperiyasının varisi Ronald Lauderin də daxil olduğu investorlar konsorsiumu olub։ Konsorsiumun digər üzvü isə "TechMet" şirkətidir — bu enerji şirkəti qismən ABŞ hökumətinin investisiya agentliyinə məxsusdur və Donald Trampın ilk prezidentlik dövründə yaradılıb։
Yatağın işlənməsinin məhz bu investorlara həvalə edilməsi barədə qərarı Ukraynanın hökumət komissiyası qəbul edib։ Komissiya favoritizm ittihamlarını rədd edərək bildirib ki, konsorsiumun təklifi müsabiqə meyarlarının böyük hissəsinə cavab verib։
Hazırda Lauder və TechMet şirkətlərinin litium yatağının işlənməsinə nə qədər vəsait yatıracağı dəqiq məlum deyil։ Müsabiqədə minimum investisiya məbləği 179 milyon ABŞ dolları olaraq müəyyən edilib, lakin komissiya üzvlərindən biri NYT-yə bildirib ki, konsorsiumun vəd etdiyi məbləğ bundan xeyli yüksəkdir։
ABŞ–Ukrayna arasında mədən sənayesi ilə bağlı razılaşmaya əsasən, Dobra yatağından Ukrayna hökumətinin əldə edəcəyi gəlirlərin yarısı birgə investisiya fonduna yönəldiləcək։
Qeyd edək ki, litium əsasən batareyaların istehsalında, xüsusilə mobil qurğular və elektrik nəqliyyat vasitələri üçün istifadə olunur։