İran danışıqlara açıqdır, ABŞ və İsraillə müharibə istəmir, amma buna hazırdır - Araqçı
08-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
İran heç bir halda ABŞ və ya İsraillə müharibə istəmir, danışıqlara açıqdır, lakin hər hansı inkişafın qarşısında hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı Livana səfəri zamanı bildirib.
“Biz hər hansı inkişaf üçün tam hazırıq. Biz müharibənin tərəfdarı deyilik, amma müharibəyə də hazırıq. Qarşılıqlı fayda və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan danışıqlara da açığıq. ABŞ danışıqlar və məcburiyyətin iki fərqli şey olduğunu qəbul etdikdə, mənalı danışıqlar başlaya bilər”, — deyə Aaqçı mətbuat konfransında bildirib.
İran XİN rəhbəri qeyd edib ki, İsrailin Yaxın Şərq bölgəsinə yönəlmiş təhdidləri indiyədək heç vaxt bu qədər böyük olmayıb. O vurğulayıb ki, son iki il ərzində Yaxın Şərqin yeddi ölkəsi İsrail tərəfindən hücuma məruz qalıb, Livanın bir hissəsi hələ də İsrail ordusu tərəfindən işğal altındadır, 2025-ci ildə atəşkəs rejimi dəfələrlə pozulub.
Çərşənbə günü İslam Respublikasının XİN rəhbəri bildirib ki, İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların bərpası üçün hazırda münasib şərtlər mövcud deyil.
Qeyd edək ki, İsrail 2025-ci il iyunun 13-də gecə saatlarında İrana qarşı əməliyyat başlayıb, onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və diversiya qruplarının hücumlarının məqsədləri atom obyektləri, generalitet, nüfuzlu nüvə fizikləri və hərbi hava bazaları olub.
İran ittihamları rədd edərək, öz cavab hücumlarını həyata keçirib. Tərəflər 12 gün ərzində hücumları dəyişiblər, buna ABŞ da qoşulub və 22 iyun gecəsi İRİ-nin nüvə obyektlərinə birdəfəlik zərbə endirib. Bundan sonra İslam Respublikası 23 iyun axşamı ABŞ-ın Qətərdəki El-Udeyd bazasına raket zərbələri endirib, İran tərəfinin daha da eskalasiyaya getmək niyyətində olmadığını açıqlayıb.