Tramp Venesuelanı idarə edəcək ABŞ rəsmilərinin adlarını açıqlayıb- "Amma əsas mənəm"
06-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesueladakı vəziyyətə müdaxiləsinə nəzarət etməyə kömək edəcək rəsmilər qrupunu qeyd edib.
"PostMedia" xəbər verir ki, o, bu barədə "NBC News"a verdiyi müsahibədə bildirib.
Trampın sözlərinə görə, Venesuelanın idarə olunmasında aşağıdakı şəxslər iştirak edəcəklər:
Marko Rubio – ABŞ Dövlət katibi;
Pit Heqset – Pentaqon rəhbəri (Müdafiə naziri);
Stiven Miller – Ağ Ev aparat rəhbərinin müavini;
C.D. Vens – ABŞ vitse-prezidenti.
"Bu insanlar qrupu müxtəlif sahələri və ixtisasları təmsil edir. Onların böyük təcrübəsi və fərqli bilikləri var", — deyə Tramp qeyd edib.
Yekun qərarı kimin verəcəyi və "əsas"ın kim olduğu barədə suala Tramp tək kəlmə ilə cavab verib: "Mən".
Həmin müsahibədə Tramp həmçinin bildirib ki, Nikolas Maduronun qaçırılmasından sonra prezident vəzifəsinin icraçısı kimi and içən Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ rəsmiləri ilə əməkdaşlıq edir. Lakin Amerika liderinin qeyd etdiyinə görə, əməliyyatdan əvvəl onunla heç bir təmas olmayıb.
Bundan əlavə, ABŞ Prezidenti eyham vurub ki, əgər Rodriqes əməkdaşlığı dayandırarsa, ABŞ ikinci hərbi müdaxiləyə başlaya bilər.