ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynanın Rusiya Federasiyasının Novqorod vilayətində yerləşən Kreml lideri Vladimir Putinin iqamətgahına hücum etməsi ilə bağlı heç bir versiya mövcud deyil.
"PostMedia"nın məlumatına görə, mətbuat konfransı zamanı Trampa xatırladıblar ki, o, Putinin iqamətgahına hücumu birbaşa Ukrayna Prezidenti Volodimir Zelenski təşkil edibsə, ondan çox qəzəbli olacağını demişdi. Lakin ABŞ Prezidenti belə bir hücumun baş verdiyinə inanmadığını qeyd edib.
"Mən bu zərbənin baş verdiyinə inanmıram", – deyə "Ağ Ev" rəhbəri cavab verib.
Daha sonra jurnalistlər Putinin iqamətgaha hücum barədə ona danışdığını xatırladıblar. KİV nümayəndələri Trampın niyə Putinə inandığını və niyə bunu dərhal İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə çıxışı zamanı açıq şəkildə söylədiyini aydınlaşdırmağa çalışıblar. Prezident buna belə cavab verib:
"Çünki o zaman bunu heç kim bilmirdi. Yəni, mən bu barədə ilk dəfə eşidirdim... O (Putin), evinin hücuma məruz qaldığını dedi".
"İndi isə, biz bunu yoxlamaq imkanı əldə etdikdə, belə bir hadisənin baş verdiyinə inanmırıq. Amma bu, bizim həmin barədə ilk eşidişimiz idi", – deyə Tramp əlavə edib.
