N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail "Dəmir şüa" lazer hava hücumundan müdafiə sistemini istismara verib

30-dekabr-2025
Amin Şükür
İsrail "Dəmir şüa" lazer hava hücumundan müdafiə sistemini istismara verib
Yazı Ölçüsü:
İsrail Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin "Iron Beam" (Dəmir Şüa) lazer raketdən müdafiə sistemini istismara verdiyini elan edib.
"PostMedia" xəbər verir ki, Nazirliyin məlumatına görə, dekabrın 29-da təhvil verilən sistem müxtəlif təhdidlərə qarşı genişmiqyaslı sınaqlardan keçib və raketləri, minaatan mərmilərini, eləcə də pilotsuz uçuş aparatlarını (PUA) uğurla zərərsizləşdirib.
Müdafiə Nazirliyinin bildirdiyinə əsasən, "Dəmir Şüa" İsrail Hərbi Hava Qüvvələrinin strukturuna inteqrasiya olunacaq və "Dəmir Qübbə", "Davudun sapanı" (David's Sling) və "Arrow" (Ox) sistemlərini tamamlayan çoxlaylı hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq.
Dərc olunan məlumatlara görə, "Dəmir Şüa" lazer sistemi PUA və raketləri 10 kilometrə qədər məsafədə yandırıb kül edə və ya sıradan çıxara bilir.
Ötən bazar günü "The Times of Israel" qəzeti məlumat yayıb ki, "Rafael Advanced Defense Systems" şirkəti İsrail Müdafiə Ordusunun sifariş etdiyi ilk "Dəmir Şüa" lazer sistemlərini tədarük edib. Qəzet İsrailin müdafiə naziri İsrael Katsın bu sözlərini sitat gətirib: "Bu, dünyada ilk dəfə yüksək güclü lazerlə ələ keçirmə sisteminin tam əməliyyat qabiliyyətinə çatması hadisəsidir".
İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram qeyd edib ki, bu, İsrailin müdafiə potensialını gücləndirəcək və müdafiə xərclərini azaldacaq "texnoloji inqilabın yalnız başlanğıcıdır".
Sentyabrın ortalarında Müdafiə Nazirliyi yaxın aylarda bütün İsrail ərazisində "Dəmir Şüa" batareyalarının yerləşdiriləcəyini bəyan etmişdi.
"The Jerusalem Post" qəzeti qeyd edib ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya da analoji silahlar hazırlayır, lakin İsrail lazer silahlarını sınaq mərhələsindən döyüş meydanına çıxaran ilk ölkə oldu.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında İsrail Müdafiə Nazirliyinin "Dəmir Şüa" sistemlərinin tədarükü üçün 500 milyon dollar dəyərində müqavilələr imzaladığı bildirilmişdi.
Kateqoriyalar