Axios: Donbas məsələsi Ukraynada sülhün qarşısında duran əsas maneədir
26-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp bazar günü Mar-a-Laqoda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək. "PostMedia" "Axios"a istinadən xəbər verir ki, görüşün məqsədi ABŞ-ın sülh planı üzərində razılığa gəlməkdir.
Bu görüş danışıqlarda əhəmiyyətli irəliləyişin əlaməti hesab olunur. Tramp əvvəllər bildirmişdi ki, Zelenski ilə yalnız razılaşmanın yaxın olduğunu hiss etdiyi təqdirdə görüşəcək.
Prezidentlərin görüşü, Trampın məsləhətçiləri Stiv Uitkoff və Cared Kuşner, habelə Rusiya və Ukraynanın baş danışıqçıları arasında həftəsonu keçirilən müzakirələrdən sonra Floridada baş tutacaq. ABŞ-ın yüksək rütbəli rəsmisi Umerov və Rusiyanın səfiri Kirill Dmitriyev ilə aparılan danışıqları "müsbət və konstruktiv" adlandırıb:
"Biz ruslar və ukraynalılarla mümkün olan ən böyük irəliləyişi əldə etmişik. Son iki həftədə əldə olunan tərəqqi ötən il ərzindəkindən daha çoxdur. Biz düzgün istiqamətdə hərəkət edirik".
Hər iki ölkənin rəsmi şəxslərinin sözlərinə görə, razılaşmanın böyük hissəsi, xüsusilə Kiyevin ABŞ və Avropadan alacağı təhlükəsizlik zəmanətləri barədə ABŞ və Ukrayna arasında konsensus əldə olunub. ABŞ rəsmisi təsdiqləyib ki, Vaşinqton NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
Əsas maneə isə Moskvanın bütün Donbas üzərində nəzarəti ələ keçirmək tələbi olaraq qalır. Vaşinqton ərazinin bir hissəsində silahsızlaşdırılmış azad iqtisadi zona yaradılmasını təklif edib, Ukrayna isə qoşunların mütənasib şəkildə çıxarılmasını və referendum keçirilməsini təklif edir.