Çin ABŞ-nin 20 hərbi-sənaye şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib
26-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Çin Tayvana silah satdıqlarına görə ABŞ-nin 20 hərbi-sənaye şirkətinə qarşı cavab məhdudlaşdırıcı tədbirləri tətbiq edib.
"PostMedia" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi daha əvvəl ABŞ tərəfindən Tayvana satılması təsdiqlənmiş silah, texnika və hərbi xidmətlərin ümumi dəyərinin 11 milyard dollardan çox olduğunu açıqlamışdı.
"ABŞ bu yaxınlarda Tayvana genişmiqyaslı silah satışını elan etdi ki, bu da "vahid Çin" prinsipini və Çin-ABŞ arasındakı üç birgə kommünikeni ciddi şəkildə pozur. Bu, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir və ÇXR-in suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə sarsıdır", — deyə qurumun bəyanatında bildirilir.
Qeyd olunur ki, Çin xarici sanksiyalara qarşı mübarizə haqqında qanuna uyğun olaraq, "ABŞ hərbi sənayesi ilə əlaqəli olan aşağıdakı müəssisələrə və onların rəhbərlərinə qarşı cavab tədbirləri görmək qərarına gəlib".
Siyahıya daxil olan şirkətlər: Northrop Grumman Systems Corporation, L3Harris Maritime Services, Boeing in St. Louis, Gibbs & Cox, Inc., Advanced Acoustic Concepts, VSE Corporation, Sierra Technical Services, Inc., Red Cat Holdings, Inc., Teal Drones, Inc., ReconCraft, High Point Aerotechnologies, Epirus, Inc., Dedrone Holdings Inc., Area-I, Blue Force Technologies, Dive Technologies, Vantor, Intelligent Epitaxy Technology, Inc., Rhombus Power Inc., Lazarus Enterprises Inc.
Bəyanatda dəqiqləşdirilir ki, "siyahıda qeyd olunan 20 şirkətin ÇXR ərazisindəki bütün daşınar və daşınmaz əmlakı, eləcə də digər aktivləri dondurulur, Çindəki təşkilatlara və şəxslərə isə onlarla əlaqəli sövdələşmələrdə iştirak etmək və ya əməkdaşlıq etmək qadağan edilir".
Çin dəfələrlə ABŞ-ni Tayvana silah satışını dayandırmağa və Tayvan boğazında gərginlik yaratmamağa çağırıb. Çin XİN qeyd edib ki, ABŞ-nin ada ilə hərbi qarşılıqlı fəaliyyəti və Vaşinqton rəhbərliyinin Tayvana silah satması "Çinin suverenlik və təhlükəsizlik maraqlarına böyük zərər vurur" və Tayvan boğazında sabitliyi təhlükə altına qoyur.