Macarıstanın Baş naziri Viktor Orban Rusiya aktivlərinin müsadirəsi məsələsini "ölü" adlandırıb.
"PostMedia" xəbər verir ki, Macarıstan hökumətinin rəhbəri bu barədə Brüsseldə Avropa İttifaqı sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Hesab edirəm ki, dondurulmuş aktivlər haqqında məsələ "ölüdür". Burada "bloklayıcı azlıq" adlandırılan səs sayını formalaşdırmaq üçün kifayət qədər əleyhdar ölkə var. Bu məsələ gündəlikdən çıxarılıb", - deyə Orban bəyan edib.
O, həmçinin əlavə edib ki, əgər nə vaxtsa danışıqlar yenidən bərpa olunsa belə, kompensasiya tərəfdarlarının sayının artması üçün "heç bir şans yoxdur". Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi ideyasının əvəzinə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı hansı təkliflərin səsləndiriləcəyi hələlik məlum deyil.
Hər halda, Macarıstan Ukraynanın xeyrinə olan Aİ kreditində iştirak edə bilməz, çünki konstitusiyaya görə parlamentin icazəsi lazımdır, parlament isə bu icazəni verməyəcək, - deyə Orban vurğulayıb.
"Macarıstan konstitusiyasında elə bir maddə var ki, orada Macarıstan hökumətinin yalnız parlamentin icazəsi ilə ölkə üçün ödəniş öhdəliyi yaradan kreditə razılıq verə biləcəyi qeyd olunur. Mənim belə bir icazəm yoxdur və inanmıram ki, hər hansı bir Macarıstan Baş naziri nə vaxtsa Macarıstanı Aİ krediti vasitəsilə borca salmaq üçün parlamentdən icazə ala bilsin", - deyə Orban jurnalistlərə bildirib.
Brüsseldə bu gün, dekabrın 18-i cümə axşamı günü dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə mümkün istifadəsi məsələsi üzrə Aİ sammiti başlayıb. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva dondurulmuş aktivlərinin müsadirəsinə cavab verməyə hazırdır.