Avropada aparılan genişmiqyaslı araşdırma göstərir ki, yalnızlıq yaşlı insanlarda yaddaşın zəifləməsi ilə əlaqəlidir, lakin zaman keçdikcə idrak qabiliyyətlərinin zəifləmə sürətini artırmır.
Alimlər yeddi il ərzində Avropanın 12 ölkəsindən 65–94 yaş arası 10 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Yüksək səviyyədə yalnızlıq hiss etdiyini bildirən iştirakçılar, daha az tənha olan insanlarla müqayisədə, yaddaş testlərində ilkin mərhələdə daha aşağı nəticələr göstəriblər. Lakin sonrakı illərdə onların yaddaşının zəifləmə tempi digər iştirakçılarla eyni olub.
"PostMedia" xəbər verir ki, "Aging & Mental Health" jurnalında dərc olunan nəticələr SHARE (Avropada Sağlamlıq, Yaşlanma və Təqaüd Araşdırması) layihəsinin məlumatlarına əsaslanır. Nəticələr göstərir ki, yalnızlıq idrak funksiyasının ilkin səviyyəsinə təsir göstərə bilər, lakin onun sonrakı pisləşməsini mütləq sürətləndirmir.
Yalnızlıq və sosial təcrid sağlamlığın pisləşməsi və Demensiya riskinin amilləri hesab olunur. Lakin bu faktorların idrak qabiliyyətinin zəifləmə sürətinə təsiri ilə bağlı əvvəlki məlumatlar ziddiyyətli olub.
Tədqiqat çərçivəsində məlumatın dərhal və gecikmiş xatırlanması göstəriciləri qiymətləndirilib. İştirakçılardan söz siyahılarını əzbərləmək və müəyyən müddətdən sonra onları xatırlamaq tələb olunub.
Yalnızlıq səviyyəsi isə sosial təcrid və ünsiyyət çatışmazlığı hissinin şəxsi qiymətləndirilməsi əsasında müəyyən edilib.
Yüksək yalnızlıq səviyyəsi olan iştirakçılar tədqiqatın başlanğıcında davamlı olaraq daha aşağı nəticələr göstərsələr də, sonrakı dövrdə yaddaşın zəifləmə sürəti digər qruplarla eyni olub.
Tədqiqatçılar hesab edir ki, yalnızlıq daha çox mövcud idrak fəaliyyətinə təsir göstərir, lakin yaddaşın tədricən zəifləməsinə birbaşa təsiri olmaya bilər. Onlar həmçinin qeyd edirlər ki, yaşlı insanlar arasında yalnızlıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi sağlam yaşlanma strategiyalarının hazırlanmasına kömək edə bilər.
Araşdırma yalnızlıqla demensiyanın inkişafı arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, onun yaddaş funksiyası və ümumi sağlamlıqla mühüm əlaqəsini vurğulayır.