ABŞ sanksiyalarına görə Azərbaycandakı "LukOil" yanacaqdoldurma məntəqələrində bank kartları qəbul edilmir.
"PostMedia" xəbər verir ki, şirkətdən verilən açıqlamada qeyd edilib ki, bu müvəqqəti haldır və tezliklə həll ediləcək.
Rusiyanın "rbc.ru" saytı məsələ ilə bağlı "LukOil Azərbaycan"a sorğu ünvanlayıb. Amma hələlik qurum məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, ABŞ oktyabr ayında "LukOil"a qarşı əlavə sanksiyalar tətbiq etmişdi. Vaşinqton bu qərarı “Rusiyanın sülh prosesində ciddi maraq göstərməməsi” ilə əsaslandırmışdı. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi əvvəlcə "LukOil"ın xarici aktivlərinin satışı ilə bağlı əməliyyatlara 22 noyabra qədər icazə vermişdi, daha sonra bu müddət 13 dekabra qədər uzadılmışdı.
Sanksiyalardan sonra "LukOil" bildirmişdi ki, neft treyderi Gunvor şirkətin xarici aktivlərini almağı təklif edib, lakin ABŞ hakimiyyətinin etirazı səbəbilə razılaşma baş tutmayıb.
Şirkət hazırda xarici aktivlərini almaqda maraqlı olan bir neçə potensial alıcı ilə danışıqlar aparır. "LukOil" rəsmiləri bildiriblər ki, yekun razılıq əldə olunduqdan və tənzimləyici qurumlardan icazələr alındıqdan sonra sövdələşmə barədə açıqlama veriləcək.
"Reuters"in məlumatına görə, şirkətin xarici aktivlərinin alınması ilə ABŞ-ın Carlyle investisiya fondu da maraqlanır.