Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkəti 2025-ci ilin may ayında bərpa ediləcək.
“PostMedia” bu barədə Minval.az saytına istinadən xəbər verir.
Məlumata görə, ilk qatarın Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bu tarixlərdə yola düşməsi planlaşdırılır.
Hazırda tərəflər bir sıra məsələləri, o cümlədən biletlərin qiymətlərini müzakirə edirlər. Gürcüstan Dəmir Yolları artıq bir tərəfə biletin qiymətini müəyyənləşdirərək Azərbaycan tərəfinə təqdim edib. Gürcüstanın təklifinə əsasən, kupe bileti 50 lari (təxminən 30,97 manat), yuxu vaqonunda isə 70 lari (təxminən 43,35 manat) təşkil edir. Azərbaycan tərəfinin hansı qiymətləri təklif edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Bakı–Tbilisi sərnişin qatarlarının hərəkəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı və indiyədək bərpa olunmayıb. Hazırda Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri, o cümlədən Gürcüstanla olan sərhədi bağlıdır. Ölkədə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək qüvvədədir. Hazırda Azərbaycandan yalnız hava nəqliyyatı ilə və bəzi hallarda avtomobil nəqliyyatı ilə çıxış mümkündür.