6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Süni intellektdən mesajları gizlədən, insanlar üçün isə oxunaqlı şrift hazırlanıb

30-iyul-2026, 04:39
Süni intellektdən mesajları gizlədən, insanlar üçün isə oxunaqlı şrift hazırlanıb
Yazı Ölçüsü:
Erik Lu "Ghost Font" adlı qeyri-adi şrift təqdim edib. Onun iddiasına görə, bu şrift mətni müasir süni intellekt sistemlərindən gizlətməyə imkan verir.
"PostMedia" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
"Ghost Font" ilə yazılmış mətn insanlar tərəfindən rahat oxunur, lakin süni intellekt sistemləri üçün onu tanımaq olduqca çətindir.
Ənənəvi şriftlərdən fərqli olaraq, "Ghost Font" hərəkət prinsipindən istifadə edir. Hərflər animasiya olunan nöqtələrdən formalaşır və insan gözü məhz bu nöqtələrin hərəkəti sayəsində mətni tanıyır. Video dayandırıldıqda və ya ekran görüntüsü alındıqda isə mətn görünməz olur – hərəkətsiz nöqtələr xaotik naxışa çevrilir.
Müəllifin sözlərinə görə, bu ideya 2013-cü ildə optik simvol tanıma (OCR) sistemlərindən qorunmaq məqsədilə yaradılmış "ZXX" layihəsindən ilhamlanıb. Lakin müasir süni intellekt modelləri artıq həmin şriftləri asanlıqla oxuya bildiyindən, yeni yanaşma hazırlanmalı olub.
Erik Lu bildirib ki, "Ghost Font" bir neçə qabaqcıl süni intellekt modeli üzərində sınaqdan keçirilib və onların hətta ən inkişaf etmiş versiyaları belə gizlədilmiş mesajları deşifrə etməkdə ciddi çətinlik çəkib.
Şrift əlavə qoruma məqsədilə "saxta mesaj" üsulundan da istifadə edir. Belə ki, təsvirə qəsdən aldadıcı mətn yerləşdirilir. Süni intellekt həmin mətni həqiqi mesaj hesab edə bilər, əsl mesaj isə gizli qalır.
Hazırlayıcı hesab edir ki, bu texnologiya təkcə şəxsi yazışmaların qorunması üçün deyil, həm də insanların botlardan fərqləndirilməsi üçün istifadə olunan yeni nəsil CAPTCHA sistemlərinin yaradılmasında faydalı ola bilər. Müasir süni intellekt artıq bir çox mövcud CAPTCHA-ları uğurla keçdiyindən, hərəkətli mətn bu prosesi xeyli çətinləşdirə bilər.
Bununla belə, müəllif "Ghost Font"un mükəmməl həll olmadığını da etiraf edir. Onun sözlərinə görə, şrift bəzən insanlar üçün də çətin oxunur və süni intellekt texnologiyalarının inkişafı nəticəsində gələcəkdə bu tip mətnlərin də tanınması mümkün ola bilər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31