Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın cəzaçəkmə şəraiti dəyişdirilib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Antikorrupsiya Məhkəməsi də xəbəri təsdiqləyərək bildirib ki, Yerevan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi Harutyunyanın Cəzaçəkmə Müəssisəsinin rəisinin qərarından verdiyi şikayəti təmin edib.
Nəticədə Cəlal Harutyunyanın cəzasının icra şəraiti dəyişdirilib və o, bundan sonra azadlıqdan məhrumetmə cəzasını aşağı təhlükəsizlik rejiminin daha yüngül şərtləri altında çəkəcək.
Xatırladaq ki, Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Qarik Abelyanın sədrliyi ilə 2025-ci il yanvarın 15-də Cəlal Harutyunyanı Ermənistan Cinayət Məcəlləsinin 550.3-cü maddəsi ilə təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Ermənistan Apellyasiya Cinayət Məhkəməsi hakim Mxitar Papoyanın sədrliyi ilə iyunun 18-də çıxardığı qərarla hökmü qüvvədə saxlayıb. Kassasiya Məhkəməsi isə şikayətləri icraata qəbul etməyib. Beləliklə, hökm sentyabrın 26-da qanuni qüvvəyə minib və Harutyunyan oktyabr ayında cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bir müddət sonra onun saxlanma şəraiti dəyişdirilib.
Qeyd edək ki, Cəlal Harutyunyanın işi üzrə epizodlardan biri – 2020-ci il oktyabrın 7-də həyata keçirilməsi planlaşdırılan əks-hücumla bağlı cinayət təqibi hələ ibtidai istintaq mərhələsində dayandırılıb.
Məhkəməyə göndərilən digər epizod isə 2020-ci il oktyabrın 12-də "Tsor" hərbi hissəsinin D-20 artilleriya divizionuna edilən hücumla bağlıdır.
İttihama görə, Harutyunyan həmin dövrdə Müdafiə Ordusunun komandanı, general-leytenant rütbəli vəzifəli şəxs kimi hərbi vəziyyət dövründə xidməti vəzifələrini səhlənkarlıqla yerinə yetirib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
Cinayət işinin materiallarına əsasən, D-20 divizionuna hücum zamanı bölmə rəhbərliyi hadisə barədə Cəlal Harutyunyanın müavini və artilleriya rəisi Gennadi Bağdasaryana məlumat verib. İddialara görə, Harutyunyan yaxınlaşan şəxslərin düşmən deyil, öz hərbçiləri olduğunu bildirib.
İstintaq dövründə Cəlal Harutyunyan barəsində qətimkan tədbiri kimi ölkəni tərk etməmək barədə öhdəlik tətbiq edilmişdi.