Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan tərəfinin sülh prosesinin dərinləşdirilməsinə yönəlmiş addımları davam etdirməyə praktiki hazırlıq nümayiş etdirdiyini bildirib.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, İrəvan və Bakı həllini tapmamış məsələlər, o cümlədən saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı işləri davam etdirmək barədə razılığa gəliblər.
"Mən görürəm ki, Azərbaycan tərəfi sülhlə bağlı özünə rəva bildiyi bütün addımları atacaq və hazırda da atır", – deyə Simonyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə təmaslar zamanı saxlanılan şəxslər və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub.
"Bu məsələlərin hamısı ilə bağlı müzakirəmiz baş tutub və prosesin dərinləşdirilməsini davam etdirmək, hələ həllini tapmayan məsələlərin həll olunması üçün yeni mexanizmlər tətbiq etmək barədə razılıq əldə olunub", – deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
Simonyan həmçinin Azərbaycan və Ermənistan cəmiyyətlərinin bir-birinə münasibətinin tədricən dəyişdirilməsinin zəruriliyini vurğulayıb.
"30 illik izi təkcə Ermənistanda deyil, Azərbaycanda da insanların münasibətində dəyişməyi bacarmalıyıq", – deyə o qeyd edib.
Simonyan əlavə edib ki, iki ölkə arasında artıq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir və bu təmaslar davam etdirilməlidir.
Azərbaycan səfər edə biləcəyi ilə bağlı suala cavab verən Simonyan Bakıya səfər edəcəyini istisna etməyib.
O xatırladıb ki, daha əvvəl Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.
"Belə bir səfəri mənim də edəcəyimi istisna etmirəm. Hər hansı müddət və ya konkret bir şey deyə bilmərəm", – deyə Simonyan bildirib.
Onun sözlərinə görə, daha bir görüşün keçirilməsi ilə bağlı razılıq var, lakin hələlik konkret tarix müəyyən edilməyib.
Azərbaycanda saxlanılan erməni məhbusların taleyinə toxunan Simonyan bildirib ki, İrəvan bu məsələni gündəmdən çıxarmaq niyyətində deyil.
"Bizim üçün bu məsələ ilə məşğul olmayacağımız və ya bu məsələnin gündəmimizdən çıxması kimi bir variant yoxdur", – deyə o bildirib.
Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi problemin nə vaxt tam həll olunacağı barədə fikir yürütmək istəmədiyini deyib. O, bunun əvəzinə məsələnin həlli istiqamətində davamlı iş aparılmasının vacibliyini vurğulayıb.