İran ABŞ-nin Fars körfəzində yerləşən Lark adasına hərbi zərbə endirməsindən sonra BMT Təhlükəsizlik Şurasından tədbir görülməsini rəsmi şəkildə tələb edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın hərəkətlərini İranın milli suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması adlandırıb.
Dərzi Tehranın "bu qanunsuz təcavüz aktını qətiyyətlə pislədiyini" bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək İordaniyada yerləşən və Vaşinqtonun "cinayətkar hücumları və təcavüzü" üçün istifadə etdiyi ABŞ hərbi bazalarına müdafiə xarakterli və proporsional zərbələr endirib.
Məktubda Lark adasına zərbənin fevralın 28-də başlayan daha genişmiqyaslı düşmənçilik kampaniyasının bir hissəsi olduğu qeyd edilib.
Dərzi ABŞ-ın hərəkətlərini dövlət terrorizmi, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə eyniləşdirib. Onun sözlərinə görə, buna görə ABŞ beynəlxalq məsuliyyət daşıyır. Hücuma əmr verən, onu idarə edən və ya həyata keçirilməsində iştirak edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər.
Tehran həmçinin belə təcavüzün hazırlanmasına və ya həyata keçirilməsinə yardım edən, dəstək verən və ya iştirak edən tərəflərin də məsuliyyətə cəlb olunmasını tələb edib.
Dərzi Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığı və dəniz təhlükəsizliyinə təhdidin yeganə mənbəyinin ABŞ və İsrail olduğunu iddia edib.
O, BMT baş katibini və Təhlükəsizlik Şurasını İranın suverenliyinin pozulması məsələsinin həlli, gücdən qanunsuz istifadə ilə bağlı məsuliyyətin təmin edilməsi və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan yeni eskalasiyanın qarşısının alınması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
İran istənilən düşmənçilik hərəkətinin qəti cavabla qarşılanacağı barədə xəbərdarlıq edib.
"İran İslam Respublikasının silahlı qüvvələri tərəddüd etmədən özünümüdafiə hüququndan istifadə edəcək və istənilən hərbi təcavüzə qəti və proporsional cavab verəcək", - deyə Dərzinin sözlərini Press TV sitat gətirib.
İran məktubun dərc olunaraq Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmasını tələb edib.