Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir sıra xarici liderlərlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə əsas müzakirə mövzuları ikitərəfli münasibətlər və beynəlxalq gündəlik olub.
Çin Prezidenti Si Cinpinlə danışıqlarda əsas diqqət yeni iqtisadi layihələrə və vizasız rejimə yönəlib.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bugünkü görüş liderlərin bu il ərzində ikinci üz-üzə təması olub. Kremlin sözçüsü Dmitri Peskov daha sonra bildirib ki, tərəflər ticarət-iqtisadi əməkdaşlığın bütün spektrini müzakirə edib, beynəlxalq gündəliyin əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparıb və Ukrayna məsələsinə də toxunublar.
Hindistanın Baş naziri Narendra Modi ilə görüş zamanı Putin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə göstərdiyi şəxsi diqqətə görə ona təşəkkür edib. Modi isə Rusiya prezidentinin BRİKS sammitinə səfərinin ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Modi həmçinin Ukrayna üzrə danışıqlar istiqamətində aparılan diplomatik səyləri dəstəkləyib.