İspaniyada 2025-ci ilin sözü “gömrük rüsumu” seçilib
17-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
EFE agentliyi və İspaniya Kral Akademiyasının dəstəyi ilə yaradılmış Təcili İspan Dili Fondu (FundéuRAE) 2025-ci ilin sözü kimi “gömrük rüsumu”nu (ingiliscə customs) (ispanca arancel) seçib.
"PostMedia" xəbər verir ki, bu barədə fondun 20 illiyinə həsr olunmuş tədbirdə elan edilib.
Ümumilikdə “ilin sözü” adı uğrunda 12 namizəd irəli sürülüb. Digərləri arasında “blackout” (elektrik enerjisinin kəsilməsi), “boykot”, “sağqalmaçı” (survivalist), “dron”, “makroreyd” (macroredada), “yenidən silahlanma”, “Z nəsli”, “nadir torpaq elementləri” və “trampizm” kimi sözlər də olub. Tədbirin təşkilatçıları bildiriblər ki, FundéuRAE-nin 2025-ci il üçün sözü “gömrük rüsumu”dur. Bu söz il ərzində ticarət danışıqları və ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi tədbirlərlə bağlı olaraq diqqət mərkəzində olub.
Qeyd edək ki, ötən il qalib “DANA” sözü seçilmişdi. İspaniyada bu termin son dərəcə güclü yağıntılarla müşayiət olunan meteoroloji hadisəni ifadə edir. 2024-cü ilin oktyabrının sonunda krallıqda “DANA” nəticəsində baş verən daşqınlar zamanı 230-dan çox insan həlak olub; ölənlərin böyük hissəsi Valensiya muxtar icmasının payına düşüb. Daha əvvəl “ilin sözü” kimi “qütbləşmə”, “süni intellekt”, “peyvənd”, “lokdaun” və digər anlayışlar seçilib.