Trampın bal zalının tikintisi 400 milyon dollara başa gələcək
17-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın layihələndirdiyi yeni bal zalının tikintisi 400 milyon dollar dəyərində olacaq.
"PostMedia" xəbər verir ki, bu məlumatı "Bloomberg" yayıb.
O, dekabrın 16-da, Xanuka münasibətilə keçirilən qəbul zamanı bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, bal zalı gələcəkdə inauqurasiya mərasimlərinin keçirilməsi üçün uyğun şəkildə təchiz ediləcək.
“150 il ərzində onlar bal zalı arzusunda olublar. Bu, ən gözəl bal zalı olacaq və inauqurasiya mərasimlərinin keçirilməsi üçün istifadə ediləcək”, – deyə Tramp bildirib.
O qeyd edib ki, adətən ABŞ Kapitoliyində keçirilən inauqurasiya mərasimləri tez-tez təhlükəsizlik və hava şəraiti ilə bağlı problemlərlə müşayiət olunur.
“Təhlükəsizlik baxımından bunu daha yaxşı şəkildə həyata keçirə bilərik”, – deyə o vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, bal zalında təxminən 13 santimetr qalınlığında şüşə pəncərələr olacaq və onlar “top mərmisi istisna olmaqla, hər şeyə qarşı davamlıdır”.
Həmin gün Tarixi İrsin Qorunması üzrə Milli Fondun iddiasına baxan federal hakim layihə üzrə işlərin dayandırılması barədə qərar qəbul etməyib, çünki məhkəmə prosesi hələ davam edir.
“Bu iş üzrə düzgün qərar qəbul etməkdə göstərdiyi cəsarətə görə hakimə təşəkkür edirəm”, – deyə Tramp əlavə edib.
Bal zalının smeta dəyəri zamanla artaraq 200 milyon dollardan Trampın son qiymətləndirməsinə – 400 milyon dollara çatıb. Layihənin miqyası da genişləndirilib: əvvəlcə Tramp bunun “mövcud binaya mane olmayacağını” bildirsə də, sonradan şərq qanadının tamamilə sökülməsi qərarını verib.