Yaponiyanın İvate prefekturasında yerləşən Hanamaki hava limanında uçuşlar gözlənilmədən dayandırılıb.
"PostMedia" xəbər verir ki, səbəb uçuş zolağına ayının daxil olması olub.
NHK dövlət televiziyasının məlumatına görə, hadisə yerli vaxtla saat 13:00 radələrində baş verib. Təhlükəsizlik məqsədilə hava limanında bütün uçuşlar təxminən bir saat yarım müddətinə dayandırılıb.
Rəsmilər ayının uçuş zolağını tərk etdiyini təsdiqlədikdən sonra uçuşlar saat 14:30-da bərpa olunub.
Son dövrlərdə Yaponiyada ayı hücumlarının artması ölkədə ciddi narahatlığa səbəb olub. Tokio hökuməti xüsusilə ölkənin şimalında, hücumların çoxaldığı Akita prefekturasına hərbçilər göndərmək qərarı verib.
Bundan əlavə, hökumət 31 oktyabrda yeni lisenziyalı ovçuların işə cəlb olunacağını açıqlayıb. Məqsəd — vəhşi heyvanların hücumlarının qarşısını almaq və bölgələrdə təhlükəsizliyi artırmaqdır.