Yeni klinikanın mətbuat katibi Nuridə Allahyarova vəzifəsindən ayrılıb.
“PostMedia” xəbər verir ki, bu barədə o öz “Facebook” hesabında yazıb.
N.Allahyarova işindən ayrılma səbəbini qeyd etməyib və bu vaxta qədər ona dəstək verənlərə təşəkkür bildirib.
O, həmçinin ədalətsizliyin sağalmaz xəstəlik olduğunu da eyham vurub:
“Əziz dostlar! Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu.
Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim, ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm. Mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram.
TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu Onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər.
Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər. Qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur”.
Qeyd edək ki, Yeni Klinika TƏBİB-ə tabedir və onun rəhbəri Barat Yusubovdur.