N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp güldü, brend qazandı: Makronun 659 avroluq eynəyi necə "trend" oldu

22-yanvar-2026
Türkan Nəbi
Tramp güldü, brend qazandı: Makronun 659 avroluq eynəyi necə "trend" oldu
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makronun eynəyi ətrafında yaranan qalmaqal böyüməyə davam edir.

"PostMedia" xəbər verir ki, Davos Dünya İqtisadi Forumuna "aviator" eynəyi ilə qatılan Makron dərhal memlərin, müzakirələrin və istehza hədəfinə çevrilib. Prezidentin eynək taxmasının rəsmi səbəbi gözündəki infeksiya olsa da, bu, onu zarafatlardan xilas edə bilməyib.

Donald Tramp da Makronun "gözəl eynəklərini" şərh edərək ironiyadan geri qalmayıb: "Ona nə olub belə?" — deyə ABŞ Prezidenti sual verib.

Lakin Trampın güldüyü, Fransanın isə "üslub yoxsa dəlilik" mübahisəsi etdiyi bu vəziyyətin əsl qalibi Makron deyil, kiçik bir fransız brendi oldu.

Fransız brendi ulduza çevrildi

Məlum olub ki, Makronun taxdığı eynək Fransanın lüks "Henry Jullien" brendinin "Pacific" modelidir. Davos fotoları yayıldıqdan sonra brendin rəsmi saytı sifariş axınına dözməyərək müvəqqəti çöküb. Şirkət hədsiz tələbatı qarşılamaqda çətinlik çəkir.

Brendin ana şirkəti olan "iVision Tech"in icraçı direktoru Stefano Fulçi bildirib ki, əvvəllər bu modeldən ildə cəmi 100 ədəd istehsal olunurdusa, indi bu rəqəmi 1000-ə çatdırmağı planlaşdırırlar. Qiyməti 659 avro (təxminən 1 310 manat) olan bu model artıq "Instagram"da Makronun fotoları ilə aktiv şəkildə reklam olunur.

Fransa ikiyə bölünüb: "Cool" yoxsa "Dəli"?

Brend öz uğurunu qeyd edərkən, Makron vətəni Fransada kəskin tənqid olunur. "Le Figaro" qəzetinin oxucuları prezidentin bu addımını belə şərh ediblər:

  • "O, nəhayət kimdir? Artıq ağlını itirib".

  • "Bir cüt eynək insanı dahi etmir".

  • "O, doğrudanmı elə bilir ki, klounluq edərək beynəlxalq nüfuzunu bərpa edəcək?"

Bəzi oxucular hətta Makrona eynək əvəzinə göz sarğısı taxmağı təklif ediblər ki, bu, daha "yerinə düşən" görünərdi.

Kateqoriyalar