Çin istehsalı elektrik avtomobili yenidən diqqət mərkəzinə düşüb.
Düz xətt üzrə keçirilən yarışda "Xiaomi SU7 Ultra" elektrik sedanı, trekdəki çətin şəraitə baxmayaraq, "Ferrari SF90 XX" superavtomobilini gözlənilmədən məğlub edib.
"PostMedia" xəbər verir ki, bu barədə Interesting Engineering yazır.
Sınaq "Carwow" komandası tərəfindən Əbu-Dabidəki drəq-stripdə (adətən 402 metr uzunluğunda, startdan maksimal sürətlənmənin ölçüldüyü xüsusi düz yarış yolu – red.) keçirilib. Lakin qum fırtınası səbəbindən örtük sürüşkən olub və bu, bütün avtomobillərin hərəkətini çətinləşdirib.
Yarışda tamamilə fərqli iki avtomobil üz-üzə gəlib. "Xiaomi SU7 Ultra" üç elektrik mühərriki ilə təchiz olunub, ümumi gücü 1 526 at gücüdür, tam ötürücülüdür və çəkisi təxminən 2 360 kq təşkil edir. Şirkətin iddiasına görə, avtomobil 0–100 km/saat sürətlənməni təxminən 1,98 saniyəyə yığır ki, bu da onu dinamika baxımından hiperkarlarla bir səviyyəyə çıxarır.
"Ferrari SF90 XX" isə 4,0 litrlik iki turbinalı "V8"mühərrik və üç əlavə elektrik mühərrikindən ibarət hibrid quruluşa malikdir. Sistemin ümumi gücü təxminən 1 016 at gücüdür. Avtomobilin çəkisi xeyli azdır — təxminən 1 660 kq, bu da ona çəki baxımından üstünlük verir.
Sürüşkən səthdə hər iki avtomobil dartma nəzarəti aktiv vəziyyətdə start götürüb. "Xiaomi SU7 Ultra" standart 402 metri təxminən 9,3 saniyəyə, "Ferrari" isə eyni məsafəni 10,2 saniyəyə qət edib. 0,9 saniyəlik fərq Çin istehsalı elektrik sedanının açıq üstünlüyünü göstərib.
Daha uzun məsafədə, yarım mildən artıq (təxminən 804 metr) hissədə də üstünlük "SU7 Ultra"nın tərəfində olub: 14,5 saniyə "Ferrari"nin 15,7 saniyəsinə qarşı. Bu isə təxminən 1,2 saniyəlik fərq deməkdir.
Yüksək sürətdə əyləcləmə zamanı isə "Ferrari" öz mühəndislik üstünlüyünü göstərib: güclü əyləc sistemi və daha yüngül çəki sayəsində "Xiaomi"dən təxminən bir avtomobil uzunluğu daha tez dayanıb.
Sınaq çətin şəraitdə, şinlərin yol ilə əlaqəsinin həlledici rol oynadığı trekdə baş tutub. "Xiaomi"nin elektrik mühərrikləri fırlanma anını təkərlər arasında daha dəqiq bölüşdürməyə imkan verib və aşağı yapışma şəraitində açıq üstünlük yaradıb. Nəticədə, Çin istehsalı sedan düz xətt üzrə sprintdə italyan superavtomobilini inamla qabaqlayıb. Bu isə elektrik mühərrikləri texnologiyalarının nə qədər sürətlə inkişaf etdiyinin bariz göstəricisidir.