Tokionun Toyosu balıq bazarında yeni dünya rekordu qeydə alınıb.
"PostMedia" xəbər verir ki, ilin ilk təntənəli tuna hərracında nəhəng göy tuna balığı 510 milyon yenə (təxminən 3,24 milyon dollar) satılıb.
Balıq şimaldakı Aomori prefekturasının Oma şəhəri sahillərində tutulub və çəkisi təsir edici 243 kiloqramdır (536 funt). Nadirliyi və qiymətinə görə "qara brilyantlar" ləqəbini alan yerli Oma göy tunası ənənəvi olaraq Yaponiyanın ən yaxşı aşpazları tərəfindən axtarılan məhsuldur. Bu dəfə hərracın qalibi məşhur "Sushizanmai" suşi restoranları şəbəkəsinin sahibi "Kiyomura Corp." şirkəti olub.
"Tun kralı" kimi tanınan "Kiyomura"nın prezidenti Kiyoşi Kimura hərracların tez-tez qalibi olur. O, bir tuna balığı üçün 2012-ci ildə 56,5 milyon yen, 2013-cü ildə 155 milyon yen, 2019-cu ildə isə 333,6 milyon yen ilə rekord müəyyən etmişdi.
Son illərdə "Tuna kralı" tacı müvəqqəti olaraq lüks "Sushi Ginza Onodera" şəbəkəsinin sahibi "Onodera Group"a keçmişdi. Onlar ötən il hərracın ilk balığını "təvazökar" 207 milyon yen (1,3 milyon dollar) almışdılar.
Bu hərracda Kimura yenidən qalib gələrək özünün 2019-cu ildəki rekordunu təzələyib. "Mən qalib təklifin bir az daha aşağı, təxminən 300-400 milyon yen olacağını düşünürdüm, lakin yekun qiymət 500 milyonu keçdi", - deyə Kimura jurnalistlərə bildirib.
Onun sözlərinə görə, tuna yüksək qiyməti Yaponiya restoran sənayesinin pandemiyadan sonra tam bərpa olunmasının göstəricisidir: turistlər yenidən ölkəyə fəal şəkildə gəlir, yerli sakinlər isə karantin dövrü ilə müqayisədə restoranlara daha çox üz tutur.
Hərracdan sonra nəhəng tuna "Sushizanmai"nin əsas restoranına aparılıb, orada hissələrə bölünərək şəbəkənin filiallarına paylanıb. Kimuranın sözlərinə görə, tunadan hazırlanan təamlar müştərilərə adi qiymətlərlə satılacaq.