ABŞ Putin və Buşun danışıqlarının məxfiliyini qaldırıb: "Rusiya Ukrayna, Qazaxıstan və Qafqazdan imtina edib"
26-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
Corc Vaşinqton Universitetinin Amerika qeyri-hökumət təşkilatı olan "Milli Təhlükəsizlik Arxivi" öz saytında Vladimir Putin və kiçik Corc Buş arasında 2001, 2005 və 2008-ci illərdə baş tutmuş söhbətlərin üç məxfi stenoqramını dərc edib.
"PostMedia" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Stenoqramlardan belə məlum olur ki, hər iki lider bir-birinə qarşı çox mehriban olub və Rusiya ilə Qərb arasında yaxşı münasibətləri qoruyub saxlamaq niyyətlərini nümayiş etdiriblər.
Görüşün əvvəlində Buş Putini Texasdakı rançosuna dəvət edib, Rusiya liderinə "Rusiyanın rolunu azaltmaq istəmədiyini" deyib və onu əmin edib ki, "güclü Rusiya ABŞ-ın maraqlarına uyğundur".
Cavabında Rusiya lideri münasibətlərdə dürüst olmağa çağırıb və qeyd edib: "Mən Rusiyada populyaram və bunun səbəbini deyə bilərəm: çünki mən xalqı dinləyirəm".
"Rusiyada insanlar onlara daha çox azadlıq gətirən genişmiqyaslı dəyişikliklərdən məyus olduqlarını hiss edirlər, çünki onlar bundan yararlana bilmirlər", — deyə Putin əlavə edib.
Bundan dərhal sonra Kreml rəhbəri qəfil tarixi və ərazi məsələlərinə toxunub. Dekodlaşdırmadan belə görünür ki, bu məsələlər artıq prezidentliyinin ilk illərində Rusiya liderini ciddi şəkildə narahat edirmiş. Qərb mediasının dəfələrlə xəbər verdiyi kimi, Putin sonradan Qərb tərəfdaşları ilə apardığı danışıqlarda, o cümlədən Ukraynadakı müharibə ilə bağlı müzakirələrdə öz hərəkətlərinə bəraət qazandırmaq üçün tarixdən uzun-uzadı danışıb.
"Ruslar könüllü olaraq minlərlə kvadrat kilometr ərazidən imtina ediblər," — deyə Putin 2001-ci ilin yayında Buşa bildirib.
"Bu, görünməmiş bir şeydir. Əsrlər boyu Rusiyanın tərkibində olan Ukrayna təslim edilib. Qazaxıstan təslim edilib. Qafqaz da həmçinin. Bunu təsəvvür etmək çətindir və bunu partiya liderləri ediblər".